ABŞ tərəfindən UNO-nun vurulması haqda xəbər dünyanın gündəmini sözün həqiqi mənasında yerdən göyə qaldırdı: yayılan görüntülərdə də naməlum obyektin vurulduğu və amerikalı hərbçilər tərəfindən araşdırmaq üçün aparıldığı görünür.
Çinin “kəşfiyyat şarı”ndan sonra bu hadisənin yaşanması naməlum obyektin yenə Pekinə, yaxud başqa bir ölkəyə aid ola biləcəyi ehtimalını ön plana çıxarır. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherck bildirir ki, naməlum obyektin nə olduğunu, havada necə qaldığını və haradan gəldiyini müəyyən edə bilmirlər. Amerikalı general obyektin yadplanetlilərə aid ola biləcəyini də istisna etmədiklərini deyib.
Bu o deməkdir ki, dünyanın yeni gündəmi “yadplanetlilər təhlükəsi” ola biləcəyi gözləniləndir.
Belə bir informasiyanın gündəmə gəlməsi “yadplanetlilər”in olub-olmamasından daha çox, dünyanın mövcud geosiyasi vəziyyətində, xüsusilə yeni nizamın formalaşmasında hansı məqsədə hesablanması fonunda diqqət çəkir.
Bir ölkədə cəmiyyəti, ictimai rəyi birləşdirməyin sınaqdan çıxmış ən effektiv yolu “xarici düşmən” obrazının gücləndirilməsi, “təhlükənin” göstərilməsidirsə, bütün dünyanı birləşdirməyin də yolu bundan keçir: Yer kürəsinə xarici təhlükə adı altında bütün millətlər və ölkələr bir gücün-ölkənin çətiri altında birləşir;
UNO-nu vuran ABŞ-dırsa, bu güc-ölkə də o olacaq, yaxud buna nail olmaq istəyirlər.
Naməlum obyektin ABŞ-ın təkqütblü olduğu dünya sisteminə təhlükənin yarandığı mövcud geosiyasi şərtlərdə peyda olması da təsadüfi deyil və istisna deyil ki, dünyanın diqqətini tədricən Yerdən göyə yönəldəcək hadisələr davamlı olacaq.
Hərçənd, indi “Rusiya təhlükəsi ilə Avropanı ABŞ-ın çətiri altında topladıqları ssenari “yadplanetli” təhlükəsi ilə dünya üzərində də tətbiq ediləcəkmi” sualı hələ açıq olaraq qalır.
Asif Nərimanlı-politoloq