"Münhen Təhlükəsizlik Konfransında müzakirələrin əksəriyyəti demək olar ki, mövzudan kənar oldu. Bunun da əsas səbəbkarı moderatordu. Sualların qoyuluşu düzgün deyildir. Mövzu Cənubi Qafqazda təhlükəsizlik məsələsi idi, lakin moderator Qarabağda yaşayan ermənilərin blokadasından danışır, Gürcüstanla Saakaşvilinin vəziyyətini müzakirə edir, ermənistan baş naziri ümumiyyətlə mövzuya aid olmayan ölkəsindəki seçkilərdən danışırdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Vüqar Əhmədovun qənaətincə, ən arqumentli, mövzuya uyğun çıxış Azərbaycan Prezidenti İlham Əliyevin çıxışıdır:
"Azərbaycan tərəfinin mövqeyi hər zaman Cənubi Qafqazda sülh və əməkdaşlığa töhvə vermək olub. Azərbaycan Prezidentinin ölkəmizdə məscidlərin və digər dini məbədlərin ermənilər tərəfindən dağıdılmasını qaldırmasına paşinyanın bunun kökünü sovet dönəminə aparması isə bir ayrı erməni rüsvayçılığı idi. Paneldə iştirak edən ATƏT nümayəndəsi də önəmli məqamlara toxundu, keçmiş münaqişə bölgəsində minalar məsələsini vurğuladı, etimad mühiti və sülh quruluculuğunda gənclərin və qadınların rolundan danışdı. Amma əsas məsələ odur ki, Qərb bu istiqamətdə danışsa da, real addımlar atmır".
Politoloq hesab edir ki, Qərb ermənistanın Azərbaycana vurduğu ziyanın, minlərlə insanın həyatını itirməsinin üstündən sükutla keçir:
"Amma ermənilərin həyatı onlar üçün çox əziz olub. İki aydan çoxdur ki, Xankəndi-Laçın yolunda üstündə xaç işarəsi olan maşınların ermənilərin xidmətində dura-dura canla başla aşağıdan yuxarı və yuxarıdan aşağı necə şütüdüyünün şahidi oluruq, bəs görəsən belə bir vəziyyətdə bizim həmvətənlər qalsaydı, onlar eyni canfəşanlığı göstərərdilərmi, heç inanmağım gəlmir. Bir-birimizi bərk tutmalıyıq".
Mehman