“İstər-istəməz ölkədə həyata keçirilən istənilən islahat, müsbət nəticələrə hesablanaraq atılan hər bir addım cəmiyyətin müəyyən təbəqəsi tərəfindən süngü ilə qarşılanır. Bu birmənalıdır ki, cəmiyyətdə hər kəsi razı sala biləcək hansısa addım atmaq, tədbir görmək mümkün deyil. Bu mənada media reyestri ətrafında yaradılan və heç bir əsası olmayan qalmaqalı da təbii qarşılamaq lazımdır”.
Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, vaxtı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılanda, yaxud jurnalistlərə Azərbaycan Mətbuat Şurası tərəfindən ekstremal vəziyyətlərdə istifadə etmək üçün formalar paylananda da bu cür əks reaksiyaları görürdük:
“Ancaq sonradan elə həmin şəxslər özləri etiraf etdilər ki, mətbuata dövlətin dəstəyi labüddür. Yaxud Azərbaycanda da digər ölkələrdə olduğu kimi kütləvi tədbirlərdə, aksiyalarda media təmsilçisini digərlərindən ayırmaq üçün onların vahid forma ilə təminatı labüddür. İndi də eyni ajiotaj, süni qalmaqal media reyestri ilə bağlı yaradılır. Əminəm ki, bu gün media reyestrinə qarşı çıxanlar bir müddət sonra onun üstünlüklərinin əyani şahidinə çevriləndə, reyestrdən keçmiş media subyektləri və jurnalistlərin dövlətldən hansısa güzəştlər əldə etdiyini görəndə zamanında qeyd etdiyimiz prosesi süngü ilə qarşıladıqlarından peşmançılıq hissi keçirəcəklər”.
İctimai Birlik sədri qeyd edib ki, media reyestri ilk növbədə ölkədə ciddi və qeyri-ciddi mətbuatı cəmiyyətə tanıtmış olacaq:
“Ona görə də media sahəsində qeyri-ciddi atmosferin olmasını istəyən, bu sahədə anormal mühitin davam etməsindən yana olanlar media reyestrinə qarşı çıxırlar”.
Mehman