Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi təhrifə real faktlarla yanaşma -ÖZƏL

Tarixi təhrifə real faktlarla yanaşma


ABŞ-da yaşayan polyak tarixçisi Edvard Reyd (Edward Reid) özünün tvitter hesabında 1944-cü ilin avqustunda hitlerçilərə qarşı Varşava üsyanı barədə yazarkən onun yatırılmasında və kütləvi qırğınlarda Azərbaycan legionlarının xüsusi rolu olduğunu ayrıca qeyd edib. Tarixçi yazır ki, 1944-cü ilin 5-12 avqust tarixlərində almanlar 70 min-90 min arası üsyançı xüsusi amansızlıqla qətlə yetirilib. Əməliyyata SS komandanı Erix fon dem Bax-Zevskinin rəhbərlik etdiyini yazan E. Reyd əlavə edir ki, onun əsas günahkarları Dirlevanger Briqadası və “RONA” Kaminski Briqadası idi. Bu üsyanda alman Vermaxtının SS qüvvələri tərəfindən Azərbaycan legionunun iştirakını ayrıca yazan tarixçi tarixi təhrifə yol verməklə yanaşı faşistlərlə azərbaycanlı hərbçilərin əməkdaşlığını qabardıb. Qeyd etmək lazımdır ki, həmin üsyanının yatırılmasında SS komandanlığının tərkibində azərbaycanlı əsirlərlə yanaşı rus, ukraynalı, belorus, kazak, kalmık və başqa taborlar da iştirak etmişlər.

Lakin tarixçi E. Reyd üsyanın Sovet ordusunun və Qərb dövlətlərinin dəstək verməməsi səbəbindən məğlub edilməsinə toxunmur.

Bununla da tarixçi E. Reyd həm Azərbaycan – Polşa münasibətlərinə zərbə vurur, həm də Azərbaycan torpaqlarını 30 ildən artıq işğalda saxlayan erməni dəyirmanına su tökür. Yaxşı olardı ki, tarixçi İkinci Dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlıq etmiş erməni Qaregin Njde və onun komandasının Hitlerin Avropadakı kütləvi qırğınlarda iştirak edən ermənilərdən ibarət “ölüm taborları” barədə də yazardı.

Halbunki, E. Reyd həmçinin 1940-cı ilin aprel –may aylarında SSRİ XDİK-nin 22 min polyak zabit və əsgərini, həmçinin mülki şəxslərinə qarşı soyqırımı və bu yaxınlarda 80 illiyini qeyd etdiyimiz Varşavada yəhudi gettosundakı qırğınları barədə də yaza bilərdi.

Qeyd etmək lazımdır ki, 1944-cü ilin 1 avqustdan 2 oktyabra qədər baş vermis Varşava üsyanı sovet tarixşünaslığında araşdırılmayıb. Polşadakı kommunist rejimi hakimiyyətdə olduğu dövrdə (1945-1989) də Varşava üsyanı barədə tədqiqatlar çox aparılmayıb.

Bu üsyanla bağlı kifayət qədər tədqiqatlar- fotoşəkillər ,sənədlər, məqalələr, kitablar, üsyançılardan sağ qalanların xatirə çıxışları və s. mənbəşünaslıq rolunu oynayır.

Eyni zamanda üsyanla bağlı yaradılmış - http://warsawuprising.com sayt və üsyana aid məqlə və kitabların olduğu https://www.polishresistance-ak.org saytda biblioqrafiya verilmişdir. Bütün bunları araşdıran zaman yalnız alman SS qüvvələrinin adının çəkildiyi müşahidə edilir.Lakin tədqiqatçı Edvard Reyd həmin qüvvələrin tərkibindəki döyüşənlərin içərisindən Azərbaycan legionunun adını xüsusilə önə çıxarır. 1944-cü ilin Varşava üsyanına aid muzeyin rəsmi saytında da ayrıca heç bir legionun adı çəkilməyib- https://www.1944.pl/

Həmin materiallar əsasında demək olar ki, üsyanın gedişi zamanı avqustun sonunda alman qüvvələri öz sayını iki dəfə artıraraq 30.000-ə çatdırmış və ordunun ən ağır 600 mm-lik minaatanlarından istifadə etmişdir.
Varşava üsyanının yatırılmasında təxminən 50.000 alman əsgəri iştirak etdiyi , o cümlədən, Dirlevanger və RONA briqadaları, Hermann Görinq və Vikinq diviziyalarının bölmələri, cəbhə xəttində 19 və 25-ci panzer diviziyaları (sentyabrda) və başqalarının adı qeyd edilir.

Varşavada almanların orta həftəlik itkiləri (1250 əsgər) bütövlükdə Qərb (1944-1945) və İtaliya (1943-1945) cəbhələrindəki itkilərdən daha yüksək idi. Qiyamın 63 günü ərzində Varşavanın təxminən 200.000 sakini həyatını itirdi. Şəhərin sol sahilindəki tikililərin 80 faizi dağıdıldı..

Əlavə edək ki, İkinci dünya müharibəsi zamanı Azərbaycan legionlarının fəaliyyətinə müstəqillikdən sonra ölkəmizdə araşdırmalar aparılıb. Bununla bağlı Şəfa Mövsümovun məqaləsində ümumi olaraq qeyd olunub-https://azertag.az/xeber/Ikinci_Dunya_muharibesi_illerinde_Muhacir_Azerbaycan_Komitesinin_fealiyyeti_ile_bagli_tedqiqatlar_davam_edir-1482905 .

Azərbaycan legionunun həmin üsyanda iştirakı Berlindəki mühacir Azərbaycan hökümətindən xəbərsiz baş vermişdir.
Belə ki, Polşada tərkibində 3000-dən artıq azərbaycanlı olan «Boller» briqadası yerləşirdi. Alman komandanlığı qarşısında Azərbaycan hərbi hissələrinin tədricən istirahətə çıxarılmaları ilə bağlı məsələ qoyulmuşdu.

Bunun nəticəsində, 111 saylı və ikinci Berqman taburları cəbhədən istirahət üçün Köln rayonuna göndərildi. Avqustun əvvəllərində Alman komandanlığı bu iki tabura əmr verdi ki, Şərqi Prussiyaya girsinlər. Lakin bu taburlar təyin olunmuş yerə çatmamış Varşavaya göndərildilər və nəticədə Varşava üsyanının yatırılmasında iştirak etdilər. Yalnız 1944-cü ilin 22 avqustunda Azərbaycan milli hökümətinin məclisinə məlum oldu ki, bu taburlar Varşavada üsyanın yatırılmasında iştirak ediblər. Tezliklə azərbaycanlı legionlar olan bu hissələrin Varşavadan çıxarılması tələbi ilə Alman komandanlığına etiraz bildirildi (Bax-Nəsiman Yaqublu. Əbdürrəhman Fotəlibəyli-Düdənginski. Təkrar nəşr. Bakı,”Abşeron Nəşr”- 2009,262 səh. (64 şəkil) - səh.75.

Ümumiyyətlə,Varşava döyüşündə iştirak edən Azərbaycan legionu üsyanın kommunistik xüsusiyyətləri ilə bağlı səhv məlumatlandırılmışdılar. Bütün faktları ümumiləşdirib deyə bilərik ki, üsyanının yatırılmasında alman qüvvələrinin tərkibində Azərbaycan legionunun rolunu şişirtmək tarixi təhrifdən uzaq olmaqla yanaşı elmi, siyasi və hüquqi baxımdan da doğru yanaşma deyil.

Şəfa Mövsümov, STEM Mərkəzinin eksperti, AMEA-nın Tarix İnstitutunun doktorantı, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

Xəbəri paylaş