“Azərbaycana qarşı beynəlxalq münasibətlərdə ikili standart var”.
Newscenter-az xəbər verir ki, bunu Polşa televiziyasının “Həftəlik” nəşrinə müsahibəsində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
“1992-ci ildə ölkəmizin bir hissəsi erməni işğalı altında idi. Lakin dünya buna layiqli cavab vermədi. Beləliklə, daha sonra oxşar ssenari Gürcüstanda (Abxaziya və Cənubi Osetiya), eləcə də Moldovada (Dnestryanı) baş verdi. Bu gün Ukraynada müharibə gedir. Bu, klassik domino effektidir. Siz bir yerdə cavab vermirsiniz və nəticədə başqa oxşar hallar yaranır”.
Onun sözlərinə görə, 30 il ərzində heç bir beynəlxalq qurum Ermənistanın təcavüzü ilə bağlı heç bir addım atmayıb:
"Bu gün biz Rusiya ilə Ukrayna arasında bütün beynəlxalq ictimaiyyətin səfərbər olmasına səbəb olan müharibəni görürük. Təəssüf ki, bizdə belə reaksiya olmadı. Belə çıxır ki, bizə qarşı beynəlxalq münasibətlərdə ikili standart var. Təəssüf ki, 20 faiz torpaqlarımız qeyri-qanuni zəbt edildikdə, tamamilə dağıdıldıqda və bu torpaqlardan bir milyon insan etnik təmizləməyə məruz qaldıqda, öz yurd-yuvasından didərgin salındıqda biz kömək etmək və ya etiraz etmək istəyən ölkələri görmədik: Varşava, Berlin, Paris. Biz onlar üçün çox uzaq idik. Söhbət təkcə məsafədən getmir. Azərbaycan da, Ermənistan da Avropadadır. Biz bir çox beynəlxalq Avropa təşkilatlarının, məsələn, ATƏT, Avropa Şurası kimi qurumların üzvüyük. Söhbət beynəlxalq hüququn əhəmiyyətindən gedir. Əgər bir ölkə onları pozarsa, sonra cəzasız qalarsa və bu, heç bir nəticə verməzsə, digər ölkələr də onların da bunu bacara biləcəyini düşünəcək. Cəzasızlıq onu göstərir ki, bədxah olmaq sərfəlidir”.
E.Əmirbəyov qeyd edib ki, əgər beynəlxalq təşkilatlar Azərbaycana qarşı təcavüzdən dərhal sonra 1990-cı illərin əvvəllərində lazımi reaksiya versəydilər, bu faciəli münaqişənin miqyası və nəticələri başqa cür olardı. Dünyada digər oxşar münaqişələr baş verməzdi.
Birinci vitse-prezidentin köməkçisi ölkəmizin keçdiyi müstəqillik yoluna və sonrakı mərhələlərdə üzləşdiyi çətinliklərə də tarixi nəzər salıb:
“İlk Azərbaycan Respublikası və eyni zamanda müsəlman Şərqinin ilk parlamentli respublikasının ömrü uzun sürmədi. 1918-ci ildən Qırmızı Ordunun 1920-ci ildə ölkəmizə daxil olmasına qədər - düz 23 ay davam etdi.
1991-ci ildə biz Polşa Həmrəyliyi ilə müqayisə oluna biləcək Azərbaycanın milli-azadlıq hərəkatının fəaliyyəti nəticəsində müstəqilliyimizi bərpa etdik. Sonra 1993-cü ildə Heydər Əliyev çox çətin vəziyyətlə üzləşməli oldu. Xüsusən də, iqtisadi vəziyyət dəhşətli idi. Biz Ermənistanla müharibədə ərazilərimizin çox hissəsini təzəcə itirmişdik, ölkə vətəndaş müharibəsi astanasında idi. H.Əliyev dövlətin müstəqilliyini xilas etdi və möhkəmləndirdi, iqtisadiyyatı düzgün istiqamətə qaytardı. O, təkcə böyük şəxsiyyət deyil, həm də müasir Azərbaycanın simvoludur. Biz onu ümummilli liderimiz hesab edirik, çünki 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının memarı o olub”.
E.Əmirbəyov Qarabağ probleminin köklərinə, Sovet İttifaqının “parçala, hökm sür” siyasətinə də toxunub:
“Sovet İttifaqı kimi imperiyalar özlərindən kiçik olanları ram etmək üçün əllərindən gələni edirlər. Bu, təkcə Azərbaycanda belə deyildi. Gürcüstan və Moldovada da belə idi. Qarabağ isə dəfələrlə Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının predmetinə çevrilsə də, tarixən həmişə Azərbaycanın olub. Sovetlər Azərbaycanı süni şəkildə iki yerə bölüb - ölkənin əsas hissəsi və Naxçıvan. Onların arasındakı ərazi Ermənistana verilib və bu gün həmin ərazilər Ermənistan dövlətinin tərkibindədir. SSRİ-nin ideyası etnik məsələdən sui-istifadə etmək, potensial separatizmi əks etdirən “bombalar” yerləşdirmək və ehtiyac yaranarsa, dövlətlərin sabitliyini pozmaq idi”.