İkinci Qarabağ müharibəsi sentyabrda başladı, iki il sonra yenə toqquşma oldu, hər iki tərəfdən itkilər oldu, yenə eyni ay və yenə sərhəddə atışma qeydə alınıb, düşmən itki verib. Bu o deməkdirmi ki, bəzilərinin proqnozlaşdırdığı kimi bu ay böyük toqquşmanın şahidi ola bilərik? Ermənistanın baş naziri Nikol Paşinyan məntiqlə sərhəddə gərginlik yaratmaqda maraqlı olmamalıdır, çünki növbəti toqquşma yenə onun xeyrinə olmayacaq və yeni itkilər onun hökumətini daha çox laxladacaq. Ancaq Nikol Paşinyanın məntiqi olsaydı, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməzdi. Paşinyan və onun nazirləri əksinə Qarabağ mövzusunu ön plana çıxarmaqla iki ölkə arasındakı gərginliyin artmasına şərait yaradıblar.
Sərhəddəki son təxribatın başqa məqsədi də var. Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır. İrəvan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevın Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi “Qarabağda xaosa imkan verməyəcəyik” və “erməni separatçıları tərksilah olunmalıdır” açıqlamasını anti-terror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar. Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb. Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönətlməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın. Tutaq ki, Qarabağda əməliyyat ləngidi, bu nəyi dəyişəcək ki? İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taksikası nəticə verməyəcək. Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək.
Elxan Şahinoğlu-politoloq