"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indiyədək Ermənistan 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib: “Hesab edirəm ki, konfransdakı müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqədar işlərə təkan verəcək”.
X.Vəliyev bildirib ki, itkin düşmüş şəxslərin taleyi daim dövlət başçısının diqqət mərkəzində olub: “Bununla əlaqədar 44 günlük Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girovgötürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb”.
Mehman Mehdiyev