"Avropa Parlamentinin növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsi gözlənilən idi. Çünki korrupsiya qalmaqalları çənbərində çabalayan, erməni lobbisinin “səxavətli qonorar”ları ilə bəslənən əksər avroparlamentarilər Azərbaycanın öz suverenliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində hər hansı bir addım atmasını dərhal əngəlləməyə və ya mənfi fonda təqdim etməyə artıq vərdiş ediblər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, oktyabrın 5-də qəbul edilən növbəti qətnamənin mətni və məğzi də elə bu fikirimizi təsdiqləyir:
"Belə ki, Avropa Parlamenti sözügedən bədnam qətnaməsində Avropa İttifaqının (Aİ) üzv dövlətlərini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb. Eyni zamanda avroparlamentarilər Aİ ölkələrinə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.
Bütün bu məkrli çağırışlar azmış kimi Avropa Parlamenti öz səlahiyyət həddini aşaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) ünvanına iradlar səsləndirib, BMT-nin işğaldan azad edilmiş Qarabağa ilk missiyasının təşkilindən məyusluğunu bildirib və eyni zamanda bölgədə beynəlxalq iştirakın bərqərar edilməsini, Aİ-nin diplomatik strukturlarına Cənubi Qafqaz bölgəsində təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edib".
Komitə sədri deyib ki, avroparlamentarilərin bu qətnaməsi ədalətsizliyin və vicdansızlığın rəmzi sayıla biləcək bir sənəddir:
"Ancaq eyni zamanda heç bir hüquqi qüvvəsi olmayan bir kağız parçasıdır. Sadəcə kağız parçası. Biz bu qətnaməyə məhz belə yanaşırıq. Və təbii ki, müasir “səlibçilik” ruhunda tərtib olunmuş bu cür anti-Azərbaycan səpkili qətnamələr rəsmi Bakının siyasi iradəsinə əsla təsir göstərə bilməz. Azərbaycan ermənipərəst avroparlamentarilərin qərəzli çağırışları və təkliflərinə görə geri çəkilən, öz haqq yolundan dönən deyil.
Əgər avroparlamentarilər və revanşist Ermənistanın digər havadarları Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi faktı ilə barışa bilmirlərsə, öz mandatlarından imtina etsinlər. Beynəlxalq hüquqa zidd mövqe tutan ermənipərəst şəxslər Avropa Parlamentini təmsil edə bilməz. ABŞ-ın rüşvətxor ermənipərəst senatoru Robert Menendez kimi, Avroparlamentin əlləri erməni lobbisinin “cib”ində olan deputatlarını da ifşa etməyin zamanı çatıb".
Anar Əliyev