Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Havadarlarının təhriki ilə Ermənistan revanşizmə cəhd göstərərsə, ....

Havadarlarının təhriki ilə Ermənistan revanşizmə cəhd göstərərsə, ....


Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon söhbəti zamanı ona açıq şəkildə bildirdiyi tənqid və iradlarını avropalı liderə verilmiş siyasi dərs hesab etmək olar.
Qarabağdakı 35 illik separatçılıq hərəkatının sentyabrın 28-də həmişəlik olaraq tarixin zibilliyinə gömülməsinə baxmayaraq Fransa prezidentindən göstəriş alan Şarl Mişel İlham Əliyevə zəng vurub növbəti dəfə ermənilərin müdafiəçisi rolunda çıxış edir və Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışır. Lakin aldığı cavablar, əks arqumentlər, əsl həqiqətlər Şarl Mişel üçün həqiqətən də əsl "soyuq duş" olub.

Belə ki, dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan ölkəmizin adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib.

Fransanın destruktiv mövqeyinə toxunan dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, rəsmi Parisin Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. İlham Əliyevin bu mesajı Fransaya ciddi xəbərdarlıqdır.
Cənab Prezident bizim bütün addımlarımızın, o cümlədən 19-20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirlərinin də birmənalı olaraq beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə əsaslandığını Mişelin diqqətinə çatdırıb. Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələri zərərsizləşdirib və suverenliyini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub. Əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var. İlham Əliyev bu fikiri səsləndirərkən heç şübhəsiz ki, ilk növbədə məhz Fransanı nəzərdə tutur. Çünki Fransa beynəlxalq hüquqa məhəl qoymayaraq Afrikadan tutmuş Aralıq dənizinə, Yaxın Şərqdən Cənubi Qafqazadək hər yerdə özünü hegemon kimi, dünya jandarmı kimi aparmağa çalışır.

Dövlət başçımız söhbət əsnasında ermənilərin "vəkil"liyini edən Şarl Mişelin nəzərinə həmçinin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini məxsusi olaraq vurğulayıb. Beləliklə, İlham Əliyev Ermənistanın 10 noyabr razılaşması üzrə hələ də yerinə yetirmədiyi öhdəliklərin qaldığını diqqətə çatdırıb. Bu isə o deməkdir ki, havadarlarının təhriki ilə Ermənistan revanşizmə cəhd göstərərsə, bunun qarşılığı olaraq Azərbaycanın da güc tətbiq etmək, Ermənistanı həmin öhdəlikləri yerinə yetirməyə məcbur etmək hüququ var.

Bu cür dəmir məntiqlə əsaslandırılmış yanaşmaları ortaya qoymaqla İlham Əliyev əslində Mişeli sağlam düşünməyə və obyektiv mövqe tutmağa dəvət edib. Bu eyni zamanda Azərbaycanı öz haqq yolundan döndərməyin qeyri-mümkün olduğunu göstərir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş