Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Newscenter.az xəbər verir ki, Prezident Vladimir Putin çıxış edərək deyib:
Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq.
Prezident İlham Əliyev:
Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm.
Prezident Vladimir Putin: Sağ olun.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub.
Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunulub.
Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olunub.