Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün başqa yollar Ermənistanı “qaranlıq tunel”ə doğru aparır

Bütün başqa yollar Ermənistanı “qaranlıq tunel”ə doğru aparır


Prezident İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında etdiyi çıxış bir sıra mühüm aktual məqamların gündəmə gətirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı sözügedən çıxışında ilk növbədə qeyd etdi ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Bu çox mühüm məqamdır. Xüsusən də avantürist Ermənistan rəhbərliyinin hazırda MDB, KTMT və Avrasiya İqtisadi Birliyi ilə bütün “körpü”ləri sürətlə “yandırmağa” çalışması fonunda Azərbaycanın MDB-nin işində iştirak etməyə böyük əhəmiyyət verməsi rəsmi Bakının kifayət qədər praqmatik və ağıllı siyasət yürütməsinin göstəricisidir.

Hazırkı mürəkkəb beynəlxalq şəraitdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının Bakıda keçirilməsi də Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Çünki son vaxtlar istər Rusiya-Ukrayna münaqişəsi, istərsə də HƏMAS-İsrail toqquşması fonunda bütün dünyada olduğu kimi bizim bölgəmizdə də təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi istiqamətində əməkdaşlıq fəaliyyətlərin genişləndirilməsi getdikcə daha vacib xarakter alır.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti məlum çıxışında hazırda Azərbaycanın heç bir daxili təhdidinin qalmadığını xüsusi olaraq vurğuladı: "Üç həftə əvvəl həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur".

Bəli, biz son 30 ildə Azərbaycan üçün ən böyük daxili təhdid mənbəyi olan erməni separatizmini beynəlxalq hüquqa əsaslanaraq öz gücümüzlə aradan qaldırdıq. Lakin beynəlxalq hüququn mahiyyətini qəsdən təhrif edən bəzi qlobal güclər Azərbaycanın bu addımını qərəzli aspektdən dəyərləndirməyə davam edir. Ona görə də, Prezident İlham Əliyev son həftələrdə baş verən hadisələrin Qərb mediasında birtərəfli, qərəzli təqdim olunduğunu bildirərək 44 günlük İkinci Qarabağ müharibəsindən keçən son üç il ərzində regionda cərəyan edən anti-Azərbaycan xarakterli proseslər və bizim cavab tədbirlərimiz barədə iclasın iştirakçılarını ətraflı məlumatlandırmaqla bir daha əsl həqiqətləri ortaya qoydu.

Eyni zamanda Azərbaycanın həm 30 illik işğal dönəmində, həm İkinci Qarabağ müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət etdiyini bildirən Prezident İlham Əliyev BMT missiyasının da bunu təsdiqlədiyini qeyd etdi: "Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub”.

Lakin İlham Əliyev bəzi Qərb dairələrinin, ayrı-ayrı ölkələrin rəsmi şəxslərinin və siyasətçilərinin, o cümlədən medianın ikiüzlü, vicdansız mövqe sərgilədiyini də xüsusi olaraq vurğuladı: “Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür".

Azərbaycan Prezidentinin bu fikirlərini Qərbin saxtakar dairələrinin üzünə çırpılmış sillə kimi də dəyərləndirmək olar. Lakin dövlət başçımız sözügedən çıxışında Ermənistanın riyakar siyasətini də ifşa etməyi unutmadı: “Ermənistanın Baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir. Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bişkekdə görüşü baş tutmalıdır. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin Ermənistanın müttəfiqidir. Bu ölkə minlərlə kilometr məsafədə yerləşən ölkələrdən fərqli olaraq, bizim regionda yerləşir. Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi, təbii olaraq, Rusiya tərəfinin vasitəçiliyini şərtləndirir. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz rus və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina etdi. İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsə idi, bu imkandan imtina etməzdi".

Ancaq Azərbaycanın isə Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu diqqətə çatdıran Cənab Prezident bildirdi ki, "sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək". Ümid edək ki, Ermənistan hökuməti də Azərbaycandan nümunə götürərək konstruktiv mövqe tutmağa başlayacaq, sözdə və kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə isə hər şeyi tam əksinə etmək praktikasına son qoyacaq. Çünki bütün başqa yollar Ermənistanı “qaranlıq tunel”ə doğru aparır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş