Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli gətirdi

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli gətirdi


2003-cü ilin 15 oktyabr tarixindən, yəni cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 20 il ötür. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev namizədliyini geri götürərək xalqı siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı.

Ulu Öndər Azərbaycan xalqına tarixi müraciətində İlham Əliyev haqqında danışarkən onu yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olaraq təqdim etmiş və xalqımızı əmin etmişdir ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. Ulu Öndər həmin müraciətdə həmçinin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri İlham Əliyevin başa çatdıracağına əminliyinə də ifadə etmişdi.

Nəticədə prezident İlham Əliyevin seçkilərdə 76,8 faiz səs toplaması xalqın öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verməsinin ən bariz göstəricisi oldu. Xalq İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.

1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini, dəstəyini qazanmışdı. Təbii ki, həm də sadaladığım bütün bu fəaliyyətin nəticəsi idi ki, xalqımız prezident seçkilərində İlham Əliyevə etimad göstərdi, onun Heydər Əliyev siyasətini davam etdirəcəyinə inamını ifadə etdi.
Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın Assoşieyted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə olan inamı dayanırdı.

Sonrakı dövr tam olaraq sübut etdi ki, xalq 2003-cü ilin 15 oktyabrında öz seçimində yanılmayıb. Belə ki, Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü və nəhayət süvernliyimizi bərpa edilib. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

Heç şübhəsiz ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Məhz İlham Əliyevin yüksək peşəkarlıqğı, bacarıq və qətiyyəti sayəsində dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərə almaqla ölkənin müasirliyi və qlobal təhlükələrdən qorunması təmin olundu. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulamağa ehtiyac var. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasi islahatlar nəticəsində ölkədə yeni siyasi münasibətlərin formalaşması istiqamətində də çox mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılmışdır. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir.

Ümumiyyətlə prezident İlham Əliyevin 20 illik fəaliyyəti haqqında danışarkən cənab prezidentin bütün fəaliyyəti dövründə insan amilini dövlət siyasətinin mütləq prioriteti kimi qəbul etməsini də qeyd etmək lazımdır. Çünki 2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Azərbaycanı bütün sahələrdə inkişafa aparan prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin zirvəsi isə Qarabağımızın işğaldan azad olunması və keçirilmiş anti-terror tədbiri nəticəsində süverenliyimizin bərpa olunmasıdır. Məhz cənab prezidentin uzaqgörən siyasəti nəticəsində görülən işlər Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Çünki bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində qarşıya qoyulan bu hədəf də Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliynə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş