"Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb. Bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər öz bəhrəsini verməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər:
"Azərbaycanda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülüb və görülməkdədir. Görülən işlərin sayının çoxalması nəticəsində Azərbaycanda gənclərinin ictimai-siyasi və sosial aktivliyi xeyli artıb.
Anar Əliyev