Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib. Məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov bildirib ki, Tarif Şurasının Bakı-Quba-Rusiya yeni avtomobil yolu üçün müəyyən etdiyi gediş tariflərinə bir müddətdən sonra yenidən baxıla bilər. Çünki, tarifin müəyyən edilməsi üçün nə qədər amillər təhlil olunsa da, ən böyük amil haqqında dəqiq məlumat yoxdur. Eldəniz Əmirov deyir ki, bu tələb amilidir:
"Bu amili isə heç bir müşahidə və ya təhlilərlə dəqiq hesablamaq mümkün deyil. Bunu yalnız bu yoldan istifadə edənlərin real sayı müəyyən edəcəkdir. Yalnız bundan sonra qiymətlərin endirilməsi və ya daha da artırılması məsələsi gündəmə gələcəkdir".
Eldəniz Əmirov deyib ki, əgər sürücülər qiymətdən narazı qalsalar, istifadə edənlərin sayı azalacaq:
"Bu isə gəlirlərə ciddi təsir edəcəkdir. Buna görə də bu qədər vəsait xərclənən yola çəkilmiş xərcləri çıxarmaq üçün qiymətlərin tədricən endirilməsinə ehtiyac yaranacaqdır".
İqtisadçı onu da qeyd edib ki, bu zaman tariflərin qaldırılması üçün ən çox istifadə edilən metoddan istifadə edilməsi daha ağılabatandır:
"Bu “xərclərimiz çoxdur” adlı məşhur metoddur. Odur ki, əgər bu yolun da istifadəsinə görə qiymətlər artırılarsa, bunun səbəbinin yol-tikinti xərclərin, o cümlədən yolun keyfiyyətli saxlanılması xərclərinin çox olması ilə əlaqələndiriləcəyi daha realdır. Bütün hallarda bu yoldan istifadəyə dair qiymətlərin uzun müddətli dövr ərzində bu gün təyin edildiyi kimi qalacağını gözləmirəm. Tariflərə yenidən baxılması ehtimalı çox yüksəkdir".
Anar Əliyev