Ötən gün Füzuli şəhərinin işğaldan azad edilməsinin üçüncü ildönümü tamam oldu. 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib. Prezident İlham Əliyev 17 oktyabr - Füzuli Şəhəri Gününü keçmiş məcburi köçkünlərlə, Füzuli şəhərinin gənc sakinləri ilə birlikdə qeyd etdi, onların sevincinə şərik oldu.
Bəli, Böyük Qayıdış Proqramı artıq tam gücü ilə işə düşüb və uğurla icra edilir. Bu Proqramın hazırkı - birinci mərhələsində 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər isə burada təqribən 2 minə yaxın insan yaşayacaq. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma sürətlə işləri aparıldığı kimi Füzuli şəhəri də indi tamamilə yenidən qurulur. Füzulinin yeni siması göz oxşayır. Bu, yeni reallıqdır. Və keçmiş məcburi köçkün soydaşlarımız yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar yeni tikilmiş məktəblərə gedirlər.
Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı söylədiyi kimi bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var.
Köhnə Füzulinin xarabalıqları isə erməni faşizminin dağıdıcı izlərini daim xatırladacaq. Dövlətimizin başçısı füzulilərlə görüşündə bu məqamı xüsusilə vurğuladı. O, qeyd etdi ki, Füzulinin timsalında bütün dünya görməlidir ki, erməni vəhşiliyi nədən ibarətdir: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.
Cənab Prezident çıxışında diqqəti ermənilərin bizə qarşı, şəhər və kəndlərimizə qarşı, abidələrimizə və dini-tarixi məkanlarımıza qarşı bunca qəddarlığının səbəblərinə yönəltdi və üç il əvvəl, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunarkən, Füzulidə hətta bayraq sancmaq üçün belə birdənə də salamat bina tapılmadığını acı təəssüf hissilə, ürək ağrısı ilə qeyd etdi: “Mən bunu dəfələrlə demişəm, indi bir çoxları bunu bilir, bir daha demək istəyirəm, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik ki, Bayrağımızı qaldıraq, bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi. Biz onu bilməmişik o vaxt. Biz bir növ sadəlövh olmuşuq”.
Düşmənlərimizin bizim bu sadəlövhlüyümüzdən, açıq ürəkli olmağımızdan, qonaqpərvərliyimizdən bir daha heç vaxt sui-istifadə etməmələri üçün və xalqımızın yeni faciələrlə üzləşməməsindən ötrü bizim bu işğalı və onun dəhşətlərini unutmamağımızın vacib olduğunu xüsusi olaraq vurğulayan dövlət başçımız gənc nəslin də bu ruhda böyüdülməsini, onlara tarixi yaddaşın aşılanmasını tövsiyyə etdi: “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik”.
Prezident hazırkı gənc nəslin güclü torpaq, Vətən sevgisinə malik olduğunu da yüksək qiymətləndirdi. O, qeyd etdi ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi: “Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq”.
Dövlət başçımız Füzuli sakinləri ilə söhbət edərkən yaxın keçmişə ekskurs etməyi, işğal dövrünün bir gün mütləq bitəcəyinə güclü inam hissilə yaşadığımızı qeyd etməyi də unutmadı. O, işğal dönəmində məcburi köçkünlərlə görüşlərində hər zaman köçkünçülük həyatının müvəqqəti olduğunu, torpaqlarımızın işğaldan azad ediləcəyinə inandığını xatırlatdı: “Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır”.
İndi artıq Böyük Qayıdış zamanıdır. Soydaşlarımız Laçında, Zəngilanda, Füzulidə məskunlaşmağa başlayıblar. Cənab Prezidentin də qeyd etdiyi kimi indi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onların məşğulluq məsələləri dövlətimizin diqqət mərkəzindədir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlara dövlət kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Bütün bunlar isə Qarabağın iqtisadi dirçəlişində mühüm rol oynayacaq. Prezident müəyyən müddətdən sonra Qarabağın Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəyinə əmin olduğunu ifadə etdi.
Bəli, bundan sonra əsas diqqəti məhz iqtisadi inkişafımıza yönəltməliyik. Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımız da dinc sabahlarından, tam təhlükəsizliklərindən əmin olaraq yaşaya bilərlər. Cənab Prezident də onlara bu zəmanəti verdi və Qarabağ münaqişəsi mövzusunun, separatçılığın kitabının birdəfəlik bağlandığını birmənalı olaraq vurğuladı: “Bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi, yəni, barışmaq lazımdır, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”.
Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı yaşanan duyğulu anlar da olduqca təsirli idi. Belə ki, şəhid ailələrinin də iştirak etdiyi bu görüşdə Prezident şəhidlərimiz haqda danışarkən kövrəldi. O, şəhidlərin qəhrəmanlığını xatırlatdı: “Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq”.
Dövlət başçımız Füzuli kimi mürəkkəb coğrafi relyefi olan bir ərazinin düşmən işğalından azad edilməsinin həqiqətən də qeyri-adi bir qəhrəmanlıq hadisəsi olduğunu bildirdi və ailələrin öz övladlarını bundan sonra da şəhidlərimiz kimi qəhrəmanlıq, vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkdi: “Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər”.
İlham Əliyevin söhbət zamanı “beynəlxalq ictimaiyyət” kimi mücərrəd məfhum altında dünya siyasətində hegemonluq edən və Azərbaycanı əsassız olaraq ittiham edən ermənipərəst qüvvələrə ünvanladığı ismarıc da təqdirəlayiqdir. O, bildirdi ki, bizi ittiham etməyə heç kimin haqqı yoxdur, biz haqlı olaraq öz doğma torpağımızda suverenliyi bərpa etmişik: “Qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Biz öz doğma torpağımızda bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə suverenliyimizi bərpa etmişik”.
Ordu xərclərinə yenə də vəsait ayırmalı olduğumuzu və dəmir yumruğun daim yerində olmalı olduğunu qeyd edən Cənab Prezident bir gün Zəngəzura da qayıdacağımızı, amma sülh yolu ilə qayıdacağımızı, tanklarla yox, minik maşınları ilə qayıdacağımız da vurğuladı. Bu da Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın öz tarixi yurdlarına qayıdışını hər vasitə ilə əngəlləməyə çalışan Ermənistana və həm də onun havadarlarına kifayət qədər tutarlı mesajdır.
Çıxışının sonunda 17 oktyabr - Füzuli Şəhəri Günü münasibətilə füzuliləri bir daha təbrik edən və onlara cansağlığı arzulayan Cənab Prezident valideynlərə səsləndi: “Uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar”. Bəli, bu bir missiyadır və indi hər bir azərbaycanlı bu missiyanın bilinci ilə hərəkət etməli, yaşamalıdır. Yaşamalıdır ki, Azərbaycan yaşasın!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri