Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2023” sərgisində iştirak edəcək

Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2023” sərgisində iştirak edəcək


19-21 oktyabr tarixlərində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) keçiriləcək.

Qarabağ Dirçəliş Fondu Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrindən şirkətlərin qatılacağı sərgidə artıq üçüncü dəfədir ki, iştirak edəcək.

Newscenter.az xəbər verir ki, builki sərgidə Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkına dair xüsusi stend nümayiş olunacaq. Belə ki, stenddə interaktiv monitorlar vasitəsilə ziyarətçilərə Füzuli Mərkəzi Parkının üçölçülü (3D) Baş planı virtual olaraq təqdim olunacaq.
Qonaqlar Füzuli Mərkəzi Parkında salınması nəzərdə tutulan təbii yaşıllıq ərazisi və guşələr, idman infrastrukturu, uşaqlar üçün multifunksional meydança və digər obyektlərlə parkın interaktiv xəritəsi üzərində tanış olmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı QDF-in stendini ziyarət edən şəxslərə Fondun həyata keçirdiyi digər layihələr və tədbirlər haqqında da geniş məlumat təqdim olunacaq.

Keçən il ziyarətçilərin Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət olan “Qarabağın inciləri” pazl oyununa böyük maraq göstərmələrini nəzərə alaraq bu il də sözügedən oyun Fondun stendində yer alacaq. Oyunda iştirak edərək ən çox xal yığan 10 nəfərə “Incredible Karabakh” t-shirt kolleksiyasından xüsusi hədiyyə təqdim olunacaq.

Sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin foyesində isə ziyarətçilər ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” sərgisi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında imzalanan əməkdaşlığa dair “Anlaşma Memorandumu”na əsasən, ötən ilki sərgidən əldə edilən gəlirin 20323,16 manatı Qarabağ Dirçəliş Fonduna ianə edilib. Bu il də sərgidən əldə edilən gəlirin müəyyən hissəsinin Fonda ianə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi “Rebuild Karabakh – 2023” sərgisini, o cümlədən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət etməyə dəvət edirik.

Sona
Xəbəri paylaş