"44 günlük vətən savaşından və nəhayətdə keçən ay həyata keçirilən anti-terror tədbirlərindən sonra oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərə, Xankəndi, Xocalı, Əsgəran, Xocavəndə səfərləri və həmin ərazilərdə Dövlət bayrağımızı ucaltması ilə ölkəmizin 200 illik tarixində yeni bir səhifə açıldı. Ölkəmizin Konstitusiya quruluşunun və suverenliyinin bərpası bütün dünyaya ərazilərimizdə separatizmə yer olmadığını nümayiş etdirmiş oldu. Bütün Azərbaycan xalqı kimi dostlarımız da sevindi. Düşmən və onların havadarları isə məyus oldular".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Yusif Bağırzadə təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın öz konstitutsion hüquqlarını bərpa etməsi təkcə Ermənistanı və onun havadarlarını məyus etməyib. Məyuslar arasında ölkəmizdə yaşayıb, onun uğurlarından narahatlıq keçirənlər də var:
"Radikal müxalifətinin, o cümlədən, anti-azərbaycançı qüvvələrin sifarişləri və maddi dəstəyi ilə yaradılan milli şura kimi qurumların indiyə qədərki fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Milli maraqların əksinə mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək bu qüvvələrin fəaliyyətinin ana konsepsiyasını təşkil edir.
Şübhəsiz ki, istənilən cəmiyyətdə, hüquqi dövlətdə müxalifət partiyalarının fəaliyyət göstərməsi təbii prosesdir. Azərbaycanda da kifayət qədər normal fəaliyyət göstərən müxalifət partiyaları var. Amma AXCP-Musavat kimi heç bir dəyər tanımayan, indiyə qədərki fəaliyyətlərində heç bir proqram ortaya qoymayan, fəaliyyətləri yalnız iqtidara və dövlətə qara yaxmaqdan, demaqoqiyadan, yalandan ibarət olan qurumlar da var ki, onları hətta müxalifət belə adlandırmaq olmur. Çünki müxalifətçilik hakimiyyətə qarşı olmalıdır. Bunların fəaliyyəti isə birbaşa Azərbaycan dövlətçiliyinə qarşı müxalifətçilikdir".
Politoloq deyib ki, istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürmək, ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışmaqla onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazır olduqlarını ortaya qoyurlar:
"Bu həmin qüvvələrdir ki, xarici havadarlarından dəstək ümmaq üçün hətta milli-mənəvi dəyərlərimizə xas olmayan istənilən addımı belə dəstəkləyirlər. İnsan hüquqları adı altında LGBT, cinsi azlıqlar kimi yad “cismləri” milli heysiyyatımıza zorla təlqin etməyə çalışan bu qüvvələr kirli stereotipləri cəmiyyətimizə sıramağa çalışmaqla anti-Azərbaycan dairələrin planlarında alət rolu oynamağı da özləri üçün fəxr hesab edirlər".
Yusif Bağırzadə daha sonra bunları bildirib:
"Radikal müxalifət sözün tam mənasında “yalanlar fabrikası” adlana bilər. Xatırlayırsınızsa bir müddət əvvəl “Siyasi Partiyalar Haqqında” yeni Qanunun müzakirəsi və qəbulu zamanı onlar israrla ictimaiyyəti inandırmağa çalışırdılar ki, bu Qanunun əsas təyinatı bilavasitə onların fəaliyyətinin dayandırılması ilə bağlıdır. Amma qeydiyyatdan keçəndən sonra sanki heç nə olmamış kimi susmağa başladılar. Üzvlərinin reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi faktı radikalların ölkədə “təkpartiyalı” sistemin qurulucağına dair qərəzli ittihamlarının əsassız olduğunu bir daha sübut etdi. Əslində sağlam siyasət və münasibətlər şəraitində üzvlərinin reyestri təsdiq edildikdən sonra demokratik siyasi mədəniyyətə sahib olan partiyalar bu cür davranış, qərəzli yanaşma və sonsuz sayda olan böhtanlara görə mütləq olaraq xalqdan və iqtidardan üzr istəməli idilər. Amma ikiüzlülük və siyasi mədəniyyətsizlik bunların canına elə hopub ki, nəinki üzr istəmək, hətta keçmiş səhvlərindən dərs çıxararaq bohtan kampaniyasına son qoymaq haqqında belə düşünmədilər".
Politoloqun sözlərinə görə, uzun illər, atəşkəs dövründə torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə tələb edən, obyektivlikdən uzaq demaqoqiya sərgiləyən radikallar 44 günlük Vətən savaşı boyunca xaricdəki havadarlarına xoş gəlmək üçün birdən-birə sülh göyərçinlərinə döndülər:
"Hətta tarixi Qələbəni belə manipulyasiya predmetinə çevirmiş radikallar onlar üçün müqəddəs heç bir dəyərin olmadığını növbəti dəfə nümayiş etdirmiş oldular. Radikalların hərbi Qələbə ilə bağlı qərəzli fikirləri və ifrat ritorikası yalnız xəstə təfəkkür və xain mövqeyin məsuludur. Azərbaycanda yaşayan bütün millətlərin qürur və sevincinə səbəb olmuş tarixi Qələbə ətrafında qərəzli manipulyasiyaların aparılması sadəcə riyakarlıq deyil, bu öz xalqına qarşı yaşadıqları nifrət hissinin təzahürüdür. Xəstə təfəkkür sahibi olan radikal düşərgə rəhbərlərinin hətta Qələbəni belə şübhəyə salmaları əslində heçdə təəccüblü görünməməlidir. Çünki pislik artıq onların sadəcə xisləti deyil, bu onların xəstə təfəkkürünün mahiyyətidir.
Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar milli həmrəyliyin ifadəsi olaraq Ali Baş Komandana və ordumuza dəstəklə bağlı birgə bəyanat imzaladıqları yəqin ki xatirinizdədir. AXCP-Musavat isə o zaman da bəyanata imza atmamaqla əsl simalarını nümayş etdirdilər. Biz yaxşı xatırlayırıq ki, Ə.Kərimli 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycan əleyhinə çirkin kampaniya apararaq “bu iqtidar torpaqları işğaldan azad edə bilməyəcək” deyirdi. Vətən müharibəsində möhtəşəm qələbə qazandıqdan sonra “Ermənistan kapitulyasiyaya imza atmayıb, bəs Ağdam, Laçın, Kəlbəcər, Xankəndi necə olacaq” deməyə və qələbəni “yarımçıq” adlandırmağa başladı".
"Hazırda Xankəndində də, Xocalıda da, Əsgəranda da, Ağdərədə də, bir sözlə bütün ərazilərimzidə Dövlət bayrağımız dalğalanır", deyən- politoloq vurğulaylb ki, 3 ildir bağıra-bağıra “Hanı Xankəndi, hanı Xocalı?! Xankəndiyə, Xocalıya bayrağımız taxılmadıqca, qalib deyilik!” - deyə-deyə uğurlarımızı heçə saymağa, gözdən düşürməyə çalışan radikal ünsürlər isə yenə də üzr istəmək və həqiqəti qəbul etmək əvəzinə düşmənin əllərinə su tökməyə çalışırlar. “Bəs Zəngəzur dəhlizi necə olacaq?, Rusiya “sülhməramlıları” nə olacaq kimi fikirlər ortaya atmaqla yenə də öz çirkin niyyətlərini davam edirlər:
"Siz əvvəl indiyə qədərki böhtanlarınıza, yalanalarınıza görə üzr istəyin, uğrunda şəhidlər verdiyimiz Qələbənin üzərindən apardığınız məkrli manipulyasiyaları dayandırın ondan sonra başqa nələrdənsə danışın. Nəhayət başa düşün ki, sizin bu cür yanaşmanız, qərəziniz cəmiyyətdə sizə qarşı yalnız ikrah yaradır".
Anar Əliyev