Türkiyə Qəzza bölgəsinə tibbi yardım göndərmək üçün diplomatik səylərini davam etdirir. Bu məqsədlə Türkiyənin səhiyyə naziri Fahrettin Koca iordaniyalı həmkarı Firas İbrahim Əl-Havari ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüş zamanı nazirlər Qəzzaya tibbi yardım göndərilməsinin mümkünlüyü, bu məqsədlə koordinasiyalı işin qurulmasını müzakirə ediblər.
Nazir Koca deyib ki, Türkiyə olaraq fələstinli qardaşlarımıza kömək etmək üçün koordinasiyalı şəkildə birlikdə işləmək təklifi ilə çıxış edib:
"Bu məqsədlə səhra xəstəxanasının yaradılmasına, yaralıların ölkəmizə hava yolu ilə daşınmasına hazır olduğumuzu bildirdim. Zərurət yarandıqda əlavə müayinə və müalicə, tibbi personalın dəstəyi, dərman və tibbi cihazların tədarükü də həyata keçirilə bilər".
Türkiyəli nazir diqqətə çatdırıb ki, Qəzzada 4 xəstəxana xidmətsizdir. 14 sağlamlıq mərkəzi elektrik kəsilməsi və yanacaq tükənməsi səbəbindən xidmət göstərə bilmir.
Mehman Mehdiyev