"Avropanın siyasi təsisatları əgər hansısa etnik təmizləmə əməli üzrə bir fakt ortaya qoya bilsə, Azərbaycan dövləti bunu qəbul etməyə hazır olacaq. Azərbaycan dövləti əmindir ki, belə bir fakt yoxdur və olmayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Avropadan Azərbaycana yönəlik təzyiqləri təhlil edərkən səsləndirib. Politoloq deyib ki, erməni əhalinin Qarabağdan öz istəkləri ilə getməsinin kökündə özlərinin xisləti dayanır:
"Erməni toplumu 30 il azərbaycanlılara etdikləri cinayətlərin, vəhşiliklərin cavabının veriləcəyindən əmin idilər. Çünki onlar bu yolun yolçusu olublar. Onlar fikirləşdilər ki, Azərbaycan da onlar kimi erməniləri məhv etmək, qisas almaq üçün əməliyyatlar keçirəcək, dinc əhaliyə zülm edəcək. Çünki onlar belə etmişdilər. Azərbaycan ordusu isə nəinki mülki əhaliyə, heç silahını yerə qoyan hərbçilərə belə heç nə etmədi. Əksinə mülki əhaliyə getməməyi məsləhət gördü. Ermənilər bunu qəbul etmədilər. Çıxıb getdilər. Bu, bütün dünyanın gözü önündə canlı yayımda oldu. Azərbaycan zorla ermənini tutub saxlasa idi, bu "siyasi təsisatlar" bu dəfə bunu zor tətbiq etmək və s. adlandıracaqdı".
Politoloqun sözlərinə görə, görünən odur ki, bu təşkilatların dərdi Azərbaycan üçün gələcəyə doğru ehtiyat bəhanələr hazırlamaqdır:
"Erməni əhalinin əksər hissəsi onsuz da geri qayıtmayacaq. Amma Azərbaycanın gələcək inkişafında hər hansı məsələdə təzyiq üçün bəhanə saxlayacaqlar ki, istifadə edib Azərbaycana təzyiq etsinlər. Türkiyəyə qondarma "soyqırım" məsələsi üzərindən edilən təzyiq kimi".
Anar Əliyev