“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Laçın rayon təşkilatı oktyabr ayının 20-də tədbir keçirib.
Newscenter.az xəbər verir ki, Laçın şəhərində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu deyib. Onun sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində böhran həddində olan ölkəmiz dahi şəxsiyyətin fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamlı addımlayıb: “Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu gün Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar”.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov vurğulayıb ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Ulu Öndəri fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin gərgin siyasi fəaliyyətindən söhbət açıb. O, Ulu Öndərin Vətən və millət üçün müstəsna işlər gördüyünü xatırladıb, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun fəaliyyətini qeyd edib: “İllər ötəcək, lakin Heydər Əliyevin müdrik dövlət xadimi, tarixi şəxsiyyət kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaq”.
YAP Veteranlar şurasının üzvü Vahid Novruzov Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində fəaliyyəto barədə çıxış edib. O, Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiymətdən söz açıb. Qeyd olunub ki, Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlmişdir.
Milli Məclisin deputatı Mahir Abbaszadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan fenomenal şəxsiyyətdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi böyük şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub.
Laçın şəhər sakini Qəzənfər Hüseynov, Zabux kənd sakini, YAP Laçın rayon təşkilatı 43 saylı ərazi partiya təşkilatının sədri Mübariz Rüstəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxışlarında Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, habelə torpaqlarımızın işğaldan azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.
Sonda fəal partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə bədii hissə ilə yekun vurulub.
Ruhiyyə Mehdiyeva