Oktyabrın 20-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
Yenilənmiş növbəti həyət Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 12,13,14,15,16,17,19,20,21 ünvanında 3000 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmizlənməsi və abadlaşdırılması, şəhər ekologiyası üçün xüsusi əhəmiyyət kəsb edən yaşıllıq sahələrinin bərpası, sağlam həyat tərzinin təbliği, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin edilməsidir.
Abadlaşdırılan növbəti həyətdə fiziki məhdudiyyətli və sağlamlıq imkanları zəif olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların əyləncəli vaxt keçirməsi üçün şərait yaradılıb, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları və uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 350 ədəd müxtəlif cinsli ağac və 3 min 750 ədəd kol əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 3 min 50 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.(azertac)