Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi”

“Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi”


“Heydər Əliyev İli” çərçivəsində YAP Mərkəzi Aparatı və ADNSU-nun birgə təşkilatçılığı ilə tədbir keçirilib

Newscenter.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı ziyarət edilib, məzarın önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: "Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olmuşdur. Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində - müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən etmişdir".

YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir: “Gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi və digər addımlar müdrik dövlət xadiminin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün imkanların genişləndirilməsi baxımından böyük önəm daşımışdır. Bir sözlə, Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü – müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaratmışdır”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirərək son 20 ildə Azərbaycana tarixi nailiyyətlər qazandıran, ölkəmizin iqtisadi potensialının, hərbi-strateji qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olan Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunda mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması hər zaman xüsusi yer tutmuşdur: "Dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilati-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm addımlar atmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 2007-ci ilin “Gənclər İli” elan edilməsi və bununla əlaqədar gəncliyin inkişafına xidmət edən çoxşaxəli tədbirlərin həyata keçirilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, müxtəlif Dövlət proqramlarının reallaşdırılması gənclərin cəmiyyət həyatında və beynəlxalq müstəvidə fəallığının artmasına təkan vermiş, onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul olmuşdur. Bu kontekstdə çox mühüm məqamlardan biri kadr islahatları çərçivəsində gənclərə yüksək etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, istedad və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli şəraitin yaradılmasıdır. Bu, yeni reallıqlar fonunda idarəetmənin təkmilləşdirilməsi və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, müasir çağırışlara uyğun peşəkar gənclər ordusunun formalaşmasına da töhfə vermişdir".

Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına xidmət edir: “Ümummilli Liderin xalqımıza siyasi mirası olan və ümumxalq rəğbətini qazanaraq qələbələr partiyasına çevrilən Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, bu gün YAP sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir və bu da Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə böyük inamından və qətiyyətli dəstəyindən qaynaqlanır. Bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclərimiz şanlı Qələbənin qazanılmasında - tarixi ədalətin, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında misilsiz rol oynamışlar. Bu reallıq xalqımızın qürur mənbəyi və dövlətimizin qüdrətinin ifadəsidir. Şübhə yoxdur ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri bundan sonra da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında Zəfər yolunda əmin addımlarla irəliləyən müstəqil Azərbaycanın tərəqqisində mühüm rol oynayacaq, onlara göstərilən inam və etimadı layiqincə doğruldacaqlar!”.

Çıxışının sonunda YAP Mərkəzi Aparatının rəhbəri gənclərə cansağlığı, Heydər Əliyevin ideyaları əsasında günü-gündən çiçəklənən doğma Azərbaycanımızın daha parlaq gələcəyi üçün yeni-yeni uğurlar arzulayıb.

Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov bildirib ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Ulu Öndərin ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir: "Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların aparılması ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Qısa zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım sürətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbərliyin təkcə respublikamızda deyil, eləcə də bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxarıb".

Onun sözlərinə görə, 1970-1982-ci illər ərzində Azərbaycanda 5 yeni ali məktəb yaradılıb, o cümlədən yeni ixtisaslar, kafedralar və laboratoriyalar fəaliyyətə başlayıb: "Beləliklə, 1960-cı illərdə respublikada 12 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə Azərbaycanda ali təhsil müəssisələrinin sayı artıb və təhsil alanların sayı 70 mindən 100 minə yüksəlib. 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Ən əsası isə, əvvəlki illərdən fərqli olaraq xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7 faiz azərbaycanlılardan ibarət idi, halbuki əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında azərbaycanlıların payı cəmi 40 faizə çatırdı".

Vazeh Əskərov qeyd edib ki, Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyev son 20 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olmuşdur. Dövlət başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Bu yöndə neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir”.

YAP İdarə Heyətinin üzvü bildirib ki, "Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” ,- deyən Prezident İlham Əliyevin xalqın dəstəyi ilə işğalçılara qarşı bütün cəbhələrdə qətiyyətli mübarizəsi real nəticəsini verdi: "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, tarixə əbədi olaraq həkk olundu. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu, xalqın qürur və milli ləyaqəti bərpa olundu. Cənab Prezidentin dediyi kimi, “Bizi daha heç kim və heç nə dayandıra bilməz” və ölkəmiz bundan sonra da inkişaf edəcək, yeni uğurlara imza atacaq”.

Vazeh Əskərov, həmçinin Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində YAP Mərkəzi Aparatı və ADNSU-nun təşkilatçılığı ilə tələbələr arasında "Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının təşkil edildiyini xatırladıb. O məlumat verib ki, 14-15 oktyabr tarixində baş tutmuş tədbir Azərbaycanda fəaliyyət göstərən və mühəndislik ixtisası üzrə təhsil verən universitet tələbələrinin iştirakı ilə gənclərin innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və innovasiya ekosistemində iştirakının artırılması məqsədi daşıyır: "İki gün davam edən yarışmada 21 ali təhsil müəssəsinin kompüter elmləri və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət 30 komanda iştirak edib".

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub: "Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin edib, gələcək inkişaf üçün güclü təməl yaradıb. Ümummilli Lider hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb, gənclər siyasətinin inkişafı ilə bağlı tarixi qərarlar qəbul edib".

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir qeyd edib ki, ölkəmizdə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib, yeni strategiya və konsepsiyalar qəbul edilib. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Emin Əmrullayevin sözlərinə görə, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması gənclərin hərtərəfli inkişafını stimullaşdırıb: "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın aparıcı universitetlərində təhsil alıb, onların böyük əksəriyyəti ölkəmizə qayıdıb, hazırda dövlət və özəl sektorda uğurla fəaliyyət göstərirlər".

Nazir diqqətə çatdırıb ki, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dünyanın aparıcı universitetləri ilə birgə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biotexnologiya, təhsil və insan kapitalının inkişafı sahələri üzrə 5 beynəlxalq ikili diplom proqramına başlanıb: "Həmin proqramlar çərçivəsində ümumilikdə 1004 tələbə təhsil almaq hüququ qazanıb. Eyni zamanda, Proqram çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində təhsil almaq hüququ əldə edib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanıb. Bununla yanaşı, 2003-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artıb, cari ildə 65 min 760 nəfər təşkil edib. Həmin dövrdə təhsil alan tələbə sayı isə təxminən 2 dəfə artaraq 120 mindən 220 minə çatıb".

Emin Əmrullayevin sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, mədəniyyət və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə böyük töhfələr verib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ətraf mühit məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Heydər Əliyevin uzaqgörən siyasəti, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən etdiyi prioritetlər bu gün həyata keçirilən mühüm tədbirlər, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradıb. Onun sözlərinə görə, bu gün dünyanın üzləşdiyi çağırışlar qarşısında daha dayanıqlı gələcək qurmaq üçün baş vermiş və gözlənilən dəyişmələrə uyğunlaşmaq vacibdir. İstiqamət isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prirotetlər» sənədində əksini tapır. Sənədə əsasən beşinci prioritet təmiz ətraf mühit və yaşıl artım ölkəsi ilə bağlıdır.

Nazir qeyd edib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf gənclər üçün yeni imkanlar açır: “Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir. Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatızmazlığı, digər tərəfdən sel-daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaltmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır. Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir. Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb-texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib. Hazırda komandamızda dövlət, özəl sektor, qeyri-hökumət təşkilatları və elmi sektorda təmsil olunan gənclərimiz, ətraf mühit sahəsində öz biliklərini təkmilləşdirən və ekoloji kampaniyalarda aktiv iştirak edən yüzlərlə fəal gənc könüllülər var”.

Muxtar Babayev onu da deyib ki, hakaton çərçivəsində keçirilən yarışlarda gənclərin ətraf mühit ilə bağlı problemlərin öz həll yollarını təklif etməsi, bu müsabiqədə innovativ və yaradıcı ideyaların yaranması sevindirici haldır.

Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb. Ulu Öndər istər Azərbaycana ilk rəhbərliyi, istərsə də ikinci dəfə hakimiyyəti dövründə gənclərin təhsili və inkişafı, onların potensialından səmərəli istifadə istiqamətində mühüm addımlar atıb. “Ulu Öndər 1998-ci ildə çıxışlarının birində ümidvar olduğunu bildirib ki, Azərbaycan qadınları Azərbaycan Ordusunu daha da gücləndirmək və qüdrətli etmək üçün vətən yolunda həlak olmağa hazır övladlar böyüdəcəklər. Həmin gənclik Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişdi və onun komandanlığı altında işğal altında olan torpaqlarımızı azad, suverenliyimizi bərpa etdi”,-deyən Rəşad Nəbiyevin sözlərinə görə, artıq Azərbaycanda yeni mərhələ başlayıb. Bu mərhələ Böyük Qayıdış və bərpa-quruculuq dövrüdür. Bu gün quruculuq prosesi yalnız işğaldan azad olunmuş ərazilərimizdə apardığımız işləri əhatə etmir. Bizim qarşımızda həm də innovativ cəmiyyət qurmaq hədəfi var. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb.

Nazir deyib ki, Azərbaycanda gedən quruculuq prosesinin – istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır. Sürətlə dəyişən qlobal trendləri izləyərkən görürük ki, gənclərin çeviklik və uyğunlaşma bacarığının inkişaf etdirilməsi vacib amillərdən biridir. Onun fikrincə, “Mühəndislik hakatonu” kimi intellektual yarışların təşkili də bu məqsədə xidmət edir: “Mən rayonlarda gənclərlə görüşlərimdə bir daha şahidi oluram ki, hər bir şəhər və kəndimizdə texnologiyaya maraq göstərən istedadlı gənclərimiz var. Bizim rolumuz isə onları aşkarlamaq və potensialını ortaya qoymağa şərait yaratmaqdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında dünyanın dördüncü sənaye inqilabı dövründə yaşadığını bildirib: "Belə bir dövrdə bizim üzərimizə düşən əsas vəzifə transformasiya ərəfəsində ölkəmizin inkişafını təmin etməkdir. İnnovasiyalar və müasir texnologiyalar sahələrində Azərbaycan heç də digər ölkələrdən geri qalmır. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə - bu gün bizim istifadə etdiyimiz texnologiyaların mövcud olmadığı zaman - Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı strategiya müəyyənləşdirib. Bundan sonra imzalanan fərman və sərəncamlar da onu göstərir ki, Azərbaycanda hələ müstəqilliyinin ilk illərində, Ulu Öndərin hakimiyyəti dövründə innovasiyaların, müasir texnologiyalarının inkişafı istiqamətində ciddi, ardıcıl dövlət siyasəti həyata keçirilib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz mühüm nailiyyətlər qazanır”.

ADNSU-nun doktorantı Nuranə Abdullayeva Azərbaycan gəncliyinin qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, onlara göstərilən etimadı hər zaman doğrultmağa çalışdığını deyib. O qeyd edib ki, gənclik hər bir ölkənin gələcəyinin təməlidir: “Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi prioritet istiqamətlərdəndir. Atılan addımlar gənclərin mütəşəkkil bir qüvvə kimi formalaşmasına, onların mənəvi və ideoloji cəhətdən tam yetkinləşməsinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərir”.

ADNSU-nun 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının Sədri Cavanşir Abdullayev isə çıxışında bildirib ki, gənclərin daim inkişaf etməsi və cəmiyyət həyatında öz layiqli yerini tutması məhz Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin sağlam yetişməsi üçün görülən işlər, eləcə də gənclərə göstərilən diqqət və qayğı göz önündədir: “Müxtəlif sahələrdə gənc kadrların yetişməsi, gənclərin milli və vətənpərvərlik ruhunda, vətənə layiqli şəxsiyyət kimi böyüməsi başlıca vəzifələrdəndir və bu istiqamətdə hər birimiz üzərimizə düşənlərin öhdəsindən gəlməyi bacarmalıyıq”.

Sonra “Heydər Əliyev – 100: Mühəndislik hakatonu” intellektual yarışının qalibləri - Nəqliyyat və Logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 2”, Ekologiya və Ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və Texnologiya istiqaməti üzrə "Bakı Ali Neft Məktəbi -1" komandaları mükafatlandırılıb.

“Heydər Əliyev – 100: Mühəndislik hakatonu”nun təşkilində göstərdiyi dəstəyə görə isə Kapital Bankın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayevaya təşəkkürnamə təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sonda xatirə fotosu çəkdirilib.



Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş