"Azərbaycanın Zəngəzurla bağlı ərazi iddiası yoxdur".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub.
“Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var”, - deyə Hikmət Hacıyev əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər.
Qeyd edək ki, bundan əvvəl Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbəri Antoni Blinkenin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc etmişdi.
Xatırladaq ki, Baş nazirin müavini Şahin Mustafayev oktyabrın 6-da Zəngilanda jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb.