Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın siyasi nüfuzu da yüksəlir, iqtisadi qüdrəti də

Azərbaycanın siyasi nüfuzu da yüksəlir, iqtisadi qüdrəti də



Azərbaycan dinamik inkişaf edən dövlətlərdəndir. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan dünyanın əksər dövlətlərini qabaqlayır. Böyük dövlətlərin səviyyəsinə yaxınlaşır. Bu, müxtəlif sahələr üzrə dövlət proqramına uyğun yerinə yetirilmənin nəticəsidir.

Müharibə həm də iqtisadiyyat deməkdir. İkinci Qarabağ müharibəsi Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclü dövlət olduğunu təsdiqlədi. İndi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır. Quruculuq və inkişaf, yeniləşmə və modernləşmə işləri regionlarda da, paytaxtın rayonlarında da aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Stansiyasının rəsmi açılış mərasimində rayonun iqtisadi konturları haqqında məlumat verərək bildirdi ki, Abşeron yarımadasının boş hissəsi yaşıl enerji mənbəyinə çevrilib. Bu nailiyyət ərazinin özünün də, yaxın ərazilərin də inkişaf perspektivlərinin müəyyənləşdirilməsində, onların inkişaf etdirilməsində əhəmiyyətli olub...

Ölkə başçısının bu səfərini həm quruculuq səfəri adlandırmaq olar, həm də rayonun iqtisadi inkişafı haqqında müfəssəl informasiyavermə missiyası: “Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik”.

Ölkə başçısının çıxışı qürurla dinlənildi, qürurla tarixləşdi. Bu qürur Füzulidə də yaşanılıb, Ağdamda da, Kəlbəcərdə də, Laçında da. Quruculuq işləri Azərbaycanın xəritə bütövlüyünü əhatələyir. Bu inkişaf dövlətin siyasi nüfuzunu da artırır, iqtisadi qüdrətini də: “Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”.

“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib”. Bu da iqtisadi qüdrətin tərkib hissəsidir və iqtisadi inkişaf həm də tərkib hissələrinin dinamik inkişafı ilə səsləşir...

Açılış mərasimi ilə yanaşı “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” imzalandı. Bu sənədlər də mahiyyəti baxımdan iqtisadi inkişafda mühüm rol oynayacaq sənədlərdir....

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı və çıxışı respublikamızda quruculuq işlərinin daha da genişlənməsində əhəməiyyətli olacaq. Azərbaycanın daxili iqtisadi potensialı dünya dövlətləri ilə müqayisədə kifayət qədər ürəkaçandır. Gələcəkdə daha yüksək iqtisadi uğurlarımız da olacaq...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş