"Çörəyin qiymətinin ucuzlaşması ilə bağlı təzadlı mülahizələrə rast gəlinir. Əgər çörək qiymətini bazar istisadiyyatı tənzimləyir deyiriksə, onda o mühitdə qiymətin enməsi hansısa qurumun müdaxiləsi ilə ola bilməz. Yox, əgər buğda qiyməti enən zaman çörəyin qiymətini salmağa bazarın özünün gücü çatmırsa və buna görə hansışa ticarət şəbəkələri ilə görüşlər nəticəsində buna nail olunursa onda deməli, bu tam bazar iqtisadiyyatının qanunlarına uyğun olmayan qiymət enişidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. İqtisadçı qeyd edir ki, hazırda çörəyin qiymətini bazarın ilkin mərhələdə tənzimləməyə gücü çatmadığı üçün aidiyyətı qurum tərəfindən aparılan danışıqları birmənalı dəstəkləyir:
"Amma bunu sadəcə azad bazar iqtisadiyyatı prinsiplərilə eyniləşdirmirəm. O ki qaldı yaxın günlərdə çörəyin qiymətinin necə dəyişilməsinə, əgər iri ticarət şəbəkələrində çörəyin dünəndən başlayaraq endidilmiş qiyməti qarşıdakı müddətdə də 55 qəpik səviyyəsində saxlanılarsa, onda digər məhəllə marketlərində də 5 qəpiklik qiymət enişlərinin olması gözləniləndir. Çünki 5 qəpiklik fərq alıcı psixologiyası və davranış iqtisadiyyatının təsiri ilə məhəllə marketlərinin müştəri itirməsinə gətirib çıxara bilər. Bu zaman isə əsl bazar qanunları işə düşərək 5 qəpiklik fərqi aradan qaldıracaq".
Anar Əliyev