Xalqımız və dövlətimiz 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 3-cü ildönümünü qeyd edir. Ancaq budəfəki Zəfər Günü əvvəlkilərdən çox önəmli bir cəhəti ilə fərqlənir. Belə ki, bu dəfə Zəfər Günü 23 saatlıq lokal antiterror əməliyyatının Qarabağdakı separatçı rejimin ləğvi ilə nəticələnməsindən sonra ilk dəfə qeyd olunur və eləcə də torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Xan şəhərimizdə - Xankəndidə Zəfər paradı keçirilir.
Zəfər Gününün üçüncü ildönümü və Xankəndidə ilk Zəfər paradı keçirilməsi münasibətilə əziz xalqımızı, qalib Ordumuzu və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi ürəkdən təbrik edir, ölkəmizə hər zaman böyük uğurlara imza atmağı diləyirik.
Minlərlə Azərbaycan övladının canı və qanı bahasına qazanılmış Zəfər Gününü təntənə ilə qeyd etməyə haqqımız çatır. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə taleyimizi dəyişdi və nəticədə milli bayramlarımızın sırasına möhtəşəm bir bayram – Zəfər Günü də əlavə olundu. Əlbəttə, 30 il həsrətlə gözlədiyimiz və bu gün xalqımızın sevinclə qeyd etdiyi bu Qələbə asan başa gəlmədi. Xalqımızın birliyi və həmrəyliyindən güc alan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji zəkasına və sərkərdəliyinə əsaslanan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində təcavüzkar Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, qazilərimizin rəşadəti və şəhidlərimizin qanı sayəsində tarixi ədalət bərpa olundu, bütün dünya Azərbaycan xalqının yurd sevgisinə, Azərbaycan hərbçisinin döyüş ruhuna şahidlik etdi.
44 gün ərzində cəbhə xəttindən çox-çox uzaqlarda yerləşən, dinc əhalinin yaşadığı Gəncə, Bərdə, Mingəçevir, Tərtər və sair şəhərlərimizin Ermənistan tərəfindən mütəmadi bombalanmasına baxmayaraq Azərbaycan Ordusu bir an belə tərəddüd etmədi, geri çəkilmədi. Şanlı Ordumuz əzmlə döyüşərək düşmənin illərdir qurduğu istehkamları yarıb kecdi, işğalçıları qaçmağa məcbur etdi, çoxlu hərbi texnika və silah-sursatı qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Beləliklə, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın və Şuşa şəhərləri də daxil olmaqla, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində biz təkcə işğalçı Ermənistan ordusunu məhv etmədik, həmçinin 200 il ərzində erməniləri türkəfobiya ruhuna kökləyən, bütün ermənilərin beyinlərini zəhərləyən “Böyük Ermənistan”, “Miatsum” kimi irqçi, faşist ideologiyaları və planları da tarixin küllüyünə gömdük. Ermənilərin illərdir şar kimi üfürdüyü, təbliğ etdiyi “döyüşkən xalq”, məğlubedilməz ordu” miflərini də iflasa uğratdıq. Bəli, Şanlı Ordumuz bunu bacardı. Müzəffər ALİ Baş Komandan İlham Əliyev 30 illik məğlubiyyət tarixçəsini 44 günlük Zəfər səlnaməsinə çevirməyi bacardı. Beləliklə, Azərbaycan tarixinin və mədəniyyətinin incisi sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün - 8 noyabr tarixə Azərbaycanın Zəfər Günü kimi, ermənilərin isə məğlubiyyət və iflas günü kimi keçdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanat isə Ermənistanın məğlubiyyətini və kapitulyasiyasını rəsmiləşdirdi.
Uca Yaradanımıza şükürlər olsun ki, biz düşmən tapdağı altındakı torpaqlarımızı azad edə bildik. Uzun illərdir ki, münaqişələrdən əziyyət çəkən postsovet ölkələri arasında hələlik yalnız Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə nail olub. Bu, həqiqətən də böyük tarixi nailiyyətdir. Və bu Zəfərin əldə olunmasında sözsüz ki, milli birlik və həmrəylik amili də mühüm rol oynayıb. Prezident İlham Əliyev həmin günlərdə Xalq-Ordu-Lider birliyini təmin etməyi, bütün Azərbaycanın döyüş ruhunu və həmrəylik potensialını sözün həqiqi mənasında Dəmir Yumruğa çevirməyi bacardı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin separatizmin tam çöküşü və suverenliyimizin bərpası ilə nəticələnməsi də bir daha onu göstərdi ki, tarixi ədaləti bərpa etmək səylərimizin qarşısını heç bir qüvvə ala bilməz.
Həm 44 günlük Vətən müharibəsinin, həm də antiterror əməliyyatının Qələbəmizlə yekunlaşmasında şəhidlərimizin, qazilərimizin fədakarlığını da xüsusilə qeyd etməliyik. Onlar ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda öz can və qanlarını fəda etməklə tarix yazdılar. Biz 8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik. Qədirbilən xalqımız şəhidlərimizin, qazilərimizin fədakarlığını heç vaxt unutmayacaq! Azərbaycan durduqca bu Zəfərin qazanılmasında töhfəsi, əməyi olan hər kəs şükranlıq və minnətdarlıq hissilə xatırlanacaq!
Xalqımız Zəfər günlərinin bayram sevincini yaşamağı düz 30 il həsrətlə gözləyib. Budur, artıq 3 ildir ki, biz qalib xalq kimi yaşayırıq. İndi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Xalqının, öz Ordusunun və öz Liderinin Qələbəsi ilə öyünür. Bu gün bütün xalqımız bir araya gəlib bayram tədbirləri keçirir. Təki xalqımıza hər zaman bayram sevincləri nəsib olsun! Zəfər Günümüz mübarək olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi