Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Əliyevə hökm oxunub.
Newscenter.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, İ.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub. O, “İnstagram” sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin internet üzərindən satışını həyata keçirən İran vətəndaşı, adını “İlyas” kimi təqdim edən şəxslə tanış olub.
Narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün İlyas ona işləmək təklif edib. Həmin “İlyas” adlı şəxs onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə olan heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlamasını və sonradan deyəcəyi vaxtda narkotik vasitələri nişan verəcəyi ərazidə yerləşdirərək həmin yerin şəkillərini çəkib göndərməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirib.
Beləliklə, o, bu ilin yanvarında axşam saatlarında Qaradağ rayonu, Bakı-Qazax avtomobil yolunun 28-ci kilometrliyinə getmiş, orada İran İslam Respublikasının vətəndaşı “İlyas” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda - 13 kq 68,8 qram çəkidə narkotik vasitə olan heroini bir ədəd sintetik kisədə gizlədildiyi yerdən götürüb qanunsuz olaraq üzərində saxlayaraq daşıyıb.
İ.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 13 kq 68,8 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.