Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının ədalət anlayışı qüsurludur

Avropa İttifaqının ədalət anlayışı qüsurludur


"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına bir çox subyektiv amillərin mane olduğunu hamımız yaxşı bilirik. Həmin amillərdən biri də Makron Fransasının ciddi basqısı və təsiri altında olan Avropa İttifaqının (Aİ) zaman-zaman qeyri-obyektiv, ziddiyyətli və destruktiv mövqe sərgiləməsidir. Jozep Borrel, Toivo Klaar kimi Aİ rəsmilərinin anti-Azərbaycan səciyyəli qərəzli açıqlamaları isə bölgəyə dayanıqlı sülhün gəlişinə xüsusilə ağır zərbə vurur".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın vəzifədən gedən ərəfədə onun səlahiyyətlərinə aid olmayan məsələlər barədə ermənipərəst açıqlamalar verməsi məqsədli şəkildə odun üstünə benzin tökülməsinə bənzəyir:

"Belə ki, Toivo Klaarın son müsahibəsində Azərbaycanın Qarabağ bölgəsini könüllü əsasda tərk etmiş ermənilərin geri qayıtması məsələsindən xüsusi həvəslə danışması, ancaq Qərbi Azərbaycandan (indiki Ermənistandan) zorla qovulmuş azərbaycanlıların qayıdış hüququna isə aktual olmayan məsələ kimi yanaşması həm Aİ rəsmisinin, həm də bütövlükdə Avropa İttifaqının özünün ikili standartlardan çıxış etdiyini göstərir.

Görünən budur ki, ermənilərin qayıdış hüququ Aİ üçün proritet, azərbaycanlıların qayıdışı isə ikinci dərəcəli məsələdir. Bu da o deməkdir ki, insan hüquqları, ədalət və s. kimi anlayışlar Aİ üçün sadəcə deklarativ xarakter daşıyır. Biz uzun zamandır gözləyirik ki, beynəlxalq ictimaiyyətin digər aktorları, digər subyektləri kimi Avropa İttifaqı da Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına (Qərbi Zəngəzura, Göyçəyə, Amasiyaya, İrəvana və s.) geri dönməsi üçün müvafiq şərait yaradılmasını nəhayət ki Ermənistan rəhbərliyindən tələb edəcək. Lakin çox təəssüflər olsun ki, Avropa İttifaqı bizim gözləntilərimizi doğrultmur".

Komitə sədri deyib ki, Avropa İttifaqının ədalət anlayışı qüsurludur, yarımçıqdır:

"Ancaq biz əminik ki, zamanla bu məsələ də öz müsbət həllini tapacaq və Qərbi Azərbaycandan soydaşlarımız yaxın gələcəkdə öz doğma torpaqlarına qayıda biləcəklər. Bizim o torpaqları Qərbi Azərbaycan adlandırmağımızın Aİ rəsmilərini, Qərbin ermənipərəst siyasətçilərini qıcıqlandırması isə bizim üçün elə də önəmli deyil. Önəmli olan tarixi ədalətin bərpasıdır. Avropa İttifaqının ABŞ və Fransa ilə birlikdə Ermənistanı silahlandırıb Cənubi Qafqazı daimi münaqişə ocağına çevirmək cəhdləri iflasa uğrayacaq".

Süleyman
Xəbəri paylaş