"İran-İsrail gərginliyinin pik həddində Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqunun İrana səfərdən sonra birbaşa Azərbaycana gəlməsi çox hiyləgər oyun idi".
Newscenter.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib. O bildirib ki, səfər zamanı Azərbaycan dövlət başçısı ilə görüşdə rutin məsələlərdən danışılması təbii o demək deyildi ki, hansısa gizli məqamlar müzakirə olunmayacaq:
"Amma səfərin mahiyyəti təxribat xarakterli idi. Bu, istər-istəməz səfərin İranla hansısa əlaqəsinin olması fikrini hasil edirdi. Əslində isə Azərbaycanın İran-İsrail qarşıdurmasında heç bir əlaqəsi və rolu yoxdur. Azərbaycanın belə bir problemi də yoxdur. Yaxın Şərq həmişə bu ölkələrin qarşıdurması fonunda mövcud olub. İran da "HƏMAS" və "Hizbullah"ı Azərbaycan hələ Sovet İttifaqının tərkibində olanda yaradıb. Odur ki, onların problemləri özlərinə aiddir".
Politoloq hesab edir ki, S.Şoyqu isə Rusiyaya gedib, başqa vaxt da Azərbaycana gələ bilərdi:
"Hansı ki mətbuatdan da göründüyü qədəri ilə rutin məsələlər müzakirə olunub, yəni vacib məsələ yox idi.
İran çətin duruma düşəndə Azərbaycanı bu oyunun içində kimi göstərmək Azərbaycanı hədəf halına gətirməkdən başqa bir şey deyildir, bu, ən azı, Azərbaycan-İsrail dostluğuna zərbə vurmaq cəhdidir".
Anar Əliyev