Neftçala rayonu, Bankə qəsəbəsində İkinci Qarabağ Müharibəsi iştirakçısı, şəhid Azad Məlikovun xatirə lövhəsinin açılışı olub.
Newscenter.az xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, Qarabağ qaziləri, qəsəbə ictimaiyyəti və s. iştirak edib.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edənlər Azad Məlikovun qəhrəmanlıqları, şərəfli döyüş yolundan danışıblar.
Azad Məlikovun xatirə lövhəsinin açılış mərasimində 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Susana Məmmədova da iştirak edib. O, bu cür tədbirlərdə nitq söyləməyin çətin olduğunu, insanın istər-istəməz qəhərləndiyini söyləyib:
"Əziz bacı və qardaşlarım, dəyərli Bankə qəsəbə sakinləri. Sizlərin hər birinizi xoş gördük. Adətən belə toplantılarda, tədbirlərdə çıxış etmək, nitq söyləmək çətin olur, insanın bütün nitqi quruyur. Çünki bu gün anım tədbirinə topladığımız Azad qardaşımızın da bizim kimi yaşamaq, həyat sürmək haqqı vardı. Ancaq o 44 günlük Vətən müharibəsi zamanı öz canını deyil, digər şəhid qardaşlarımız, qazilərimiz kimi əsasən bizləri, ailəsini, torpaqlarımızın işğaldan azad edilməsini düşündü. Məhz Azad kimi, sizlər kimi qəhrəman övladlarımız sayəsində, Ali Baş Komandanımızın güclü sərkərdəliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi".
Susana Məmmədova, "Biz nə etsək, hansı işləri görsək də şəhidlərimizin, siz qazilərin haqqını ödəyə bilmərik. Bizlərə qürurlu olmağı sizlər bəxş etdiniz. Bizlərə qələbə sevincini sizlər yaşatdınız. Ona görə sizlərə sonsuza qədər borcluyuq. Bir daha Azad qardaşımıza və torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm",-deyə vurğulayıb. Çıxışdan sonra Susana Məmmədova xatirə lövhəsinin açılışını bildirən rəmzi lenti kəsib.
Mərasim ehsan süfrəsi ətrafında davam edib.
Süleyman