"İsrailin "Hizbullaha" qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən silinəcək. Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-ın strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, İran uzun illərdi Hizbullah vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı:
"Hizbullahın zəiflədilməsi Livanin İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdiracaq. Bununla da Livan siyasi sistemi sabitləşəcək. Həmçinin müstəqil Fələstin dövlətinin tanınmasına yol açılacaq. İran hakimiyyəti də proseslərin fərqindədir".
Politoloq hesab edir ki, bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqlar aparılması istisna deyil:
"Mümkündür ki, ABŞ regiona əlavə qüvvələr göndərməklə, Tehranın mümkün hərbi təxribatlardan çəkindirsin".
Anar Əliyev