"Bütün hallarda İranın İsraillə müharibəyə cəlb olunma ehtimalları getdikcə güclənir. Məsələ ondadır ki, İranın proksi qruplarının liderlərinin məhv edilməsi prosesinin bir ucu İranla bağlıdır. Görünən də odur ki, hər belə əməliyyatdan sonra öldürülənlərin arasında iranlı zabitlər, hətta vacib fiqurlar olur".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, İran bu qrupların fəaliyyətini idarə edir:
"Livan Hizbullahı məsələsi mürəkkəb məsələdir. İsrail nə qədər də Hizbullah liderlərini məhv etsə də, quru əməliyyatı olmadan ciddi üstünlük əldə etmək mümkün olmayacaq. İsrail də quru əməliyyatına hazırlaşır. Bu əməliyyatın mütləq baş tutacağı qənaətindəyəm".
Azər Qasımov deyib ki, İsrail quru əməliyyatı ilə Hizbullahın hərbi qanadını tamamı ilə məhv etmək, onu sadəcə siyasi təşkilata çevirməyi planlayır:
"Məlum məsələdir ki, Hizbullahın bütün üzvlərini məhv etmək mümkün deyil, amma onların siyasi təşkilat kimi mövcudluğu üçün məcbur etmə əməliyyatına ehtiyac var.
Livandan sonrası yoxdur. Məsələ ondadır ki, bu proses paralel gedəcək. Görürük ki, İsrail Husiləri də paralel bombalayır. İran da ya indi bu prosesə qoşulacaq, ya da artıq prosesin sonunda zəifləmiş duruma düşəcək. Hesab edirəm ki, İran dövlətçiliyini qorumaq üçün bütün proksi qruplarını qurban verib, normal dövlət görüntüsü yaradacaq".
Süleyman