Azərbaycan Respublikasının ilk Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun doğum günüdür.
Newscenter.az xatırladır ki, İsmət Qayıbov 8 oktyabr, 1942-ci ildə Gəncədə anadan olub.
O, 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olunub, 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir.
1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Hesablamalara görə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Həlak olanlar arasında İsmət Qayıbov da var idi.Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Anar Əliyev