Oktyabrın 8-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan parlamentin spikeri deyib ki, Milli Məclisin deputatları ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər.
Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. O bildirib ki, biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik.
Qeyd olunub ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Bildirilib ki, ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir.
Spiker çıxışının sonunda ölkə Prezidenti İlham Əliyevin “Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik” kəlamını xatırladıb.
Sonra iclasda cari məsələlər müzakirə olunub. Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, deputatlar Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Razi Nurullayev, Azər Badamov, Vüqar Bayramov, Vüqar İskəndərov, Tural Gəncəliyev, Elman Nəsirov çıxış edərək, gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini açıqlayıblar.
Milli Məclisin üzvləri ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibinə göndərdiyi müraciətə münasibət bildiriblər. Deputatlar insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən bu müraciətin heç bir əsası olmadığını, böhtanla dolu, dialoq ruhuna zidd fikirlərin qəbuledilməz olduğunu deyiblər.
Bildirilib ki, parlamentin bir qrup üzvünün ABŞ Konqresi üzvlərinin Azərbaycana qarşı sanksiya tətbiq etməklə əlaqədar müraciətə və çağırışlara cavab məktubu bütövlükdə Milli Məclisin və Azərbaycan xalqının iradəsi və cavabı kimi qiymətləndirilməlidir. Bu gün qüdrətli orduya, güclü iqtisadiyyata malik olan, qalib Azərbaycanı hər hansı sanksiya ilə öz yolundan döndərmək mümkün deyil. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyəti bütün dövlətlərlə sülh, əmin-amanlıq, təhlükəsizlik, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməkdən ibarətdir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyində 28 məsələnin olduğunu deyib. O, qeyd edib ki, ilk 7 məsələ möhtərəm cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı qərar layihələridir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə vakant hakim yerlərinə təyinatlarla bağlı Milli Məclisə kassasiya və apellyasiya məhkəmələrinə namizədlərin təqdimatı daxil olub. Bu təqdimat Məhkəmə Hüquq Şurasının təklifi əsasında edilib. Şura namizədlərin peşəkarlığını, yüksək hakim adına layiq olduqlarını nəzərə alaraq irəli sürüb.
Bildirilib ki, təqdimata əsasən, namizədlərdən 5 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, həmçinin, 7 nəfərin Bakı, 4 nəfərin Gəncə, 3 nəfərin Sumqayıt, 2 nəfərin Şəki, 3 nəfərin Şirvan Apellyasiya məhkəmələrinin hakimləri təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 2 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.
Məsələ ətrafında müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov çıxış edərək, namizədlər barədə, habelə məhkəmə-hüquq sistemi, cəmiyyətdə hüquqi maarifləndirmənin təşviq edilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
Sonra Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə məhkəmə hakimiyyətinin müstəqilliyinin və məhkəmələrin fəaliyyətinin səmərəliliyinin təmin olunması məqsədi ilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, eyni zamanda, məhkəmə hakimiyyəti ilə səmərəli əməkdaşlıq əlaqələri quran Milli Məclisə təşəkkür edib.
Spiker Sahibə Qafarova yeni təyin olunan hakimləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra parlamentin sədri bildirib ki, gündəliyin 8-ci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunudur. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya qanunları Milli Məclisdə 2 dəfə səsə qoyulur. Bu Konstitusiya qanunu cari il aprelin 5-də Milli Məclis tərəfindən birinci səsvermədə qəbul edilib, bu gün isə ikinci səsvermədir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi həmin Konstitusiya qanunları ilə yeni qəbul edilmiş “Media haqqında” qanun arasında mövcud olan terminoloji ziddiyyətin aradan qaldırılmasıdır. Qeyd olunub ki, sənəddə adı çəkilən qanunların müvafiq maddələrində "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə əvəz olunur.
Konstitusiya Qanununun layihəsi II səsvermədə qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti 8 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə əlaqədar qanun layihələri olduğunu söyləyib. Sədr qeyd edib ki, beynəlxalq müqavilələrlə bağlı olduğuna görə bu qanun layihələri “Normativ hüquq aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək. O, gündəliyin 9-cu məsələsinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu qanun layihəsinin qəbulu Azərbaycanın BMT ilə əməkdaşlıq səylərini gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır. BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, ev sahibi ölkələrin beynəlxalq konfransların keçirilməsi zamanı məsuliyyətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Hökuməti də bu tələblərə uyğun olaraq, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar təşkilati və təhlükəsizlik məsələlərini yüksək səviyyədə təmin etməyi öhdəlik kimi qəbul edir. Sazişdə Azərbaycan Respublikası ən az inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, Afrika Qrupunun, 77-lər Qrupunun və Çinin sessiyaqabağı görüşlərinin keçirilməsi və əlavə razılaşdırılmış görüşlərə ev sahibliyi etmək öhdəliyini qəbul etmişdir. Hökumətimiz, iştirakçıların insan hüquqlarını və bərabər hüquqlarını qorumağa sadiq olduğunu bir daha təsdiqləmişdir. Sazişə əlavə edilmiş öhdəliklər çərçivəsində konfransın təşkilində müxtəlif xidmətlər, o cümlədən, media, maliyyə, iaşə, tərcümə və nəqliyyat xidmətləri də təmin olunacaq.
Komitə sədri qeyd edib ki, bu tədbir Azərbaycan üçün iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni imkanlar yaradacaq və ölkəmizin nüfuzunu daha da artıracaqdır. Biz, ev sahibi ölkə kimi, bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin edəcək və qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfəmizi verəcəyik.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin əhəmiyyəti barədə öz fikirlərini açıqlayıb və rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəy verdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və hər iki qanun layihəsinin Azərbaycan və Belarus hökumətləri arasında kənd təsərrüfatının müxtəlif sektorlarında iş birliyi haqqında protokolların təsdiq edilməsi ilə bağlı olduğunu deyib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihələrini nəzərə çatdırıb.
Bildirilib ki, Sazişlərin hazırlanmasında əsas məqsəd iki ölkə arasında heyvan sağlamlığı, baytarlıq nəzarəti, xəstəliklərin profilaktikası və müalicəsi sahəsində, habelə bitki sağlamlığı, zərərverici orqanizmlərin və bitki xəstəliklərinin yayılmasının qarşısının alınması, elmi-tədqiqat işlərinin təşviqi, birgə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Qeyd edilib ki, hazırkı protokollar bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məqsədi ilə Sazişlərə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan qismində təyin olunur. Sazişlərə bəzi anlayışların əlavə edilməsi də nəzərdə tutulur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edilən sənədlər barədə bu komitənin rəyini söylədikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, Saziş 2024-cü il mayın 24-də Bakı şəhərində imzalanıb, 24 maddə və 7 əlavədən ibarətdir. Saziş bir ölkədə qanuni yaşamaq icazəsi olmayan şəxslərin digər ölkəyə geri qaytarılması prosedurlarını ehtiva edir. Bu cür sazişlər adətən, bir ölkədə qanunsuz yaşayan insanların öz vətənlərinə və ya yaşadıqları ölkəyə qaytarılmasını təmin etmək məqsədilə imzalanır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev sənədin vacibliyi barədə fikirlərini açıqlayaraq, təmsil etdiyi komitənin məsələyə dair müsbət rəy verdiyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti üç məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, Azərbaycan və Pakistan hökumətləri arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin tənzimlənməsi ilə bağlı olduğunu söyləyib. Bildirilib ki, gündəliyin 13-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi, 14-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi, 15-ci məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihələridir.
Sonra İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihələrinin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, hər üç Saziş Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.
Diqqətə çatdırılıb ki, Preferensial Ticarət Sazişinin məqsədi iki ölkə arasında müəyyən məhsullara tətbiq olunan tarifləri və gömrük rüsumlarını azaltmaqla ticarəti stimullaşdırmaqdır. Sazişə əsasən, müəyyən məhsullar üzrə tariflərin endirilməsi və bəzi hallarda tamamilə ləğvi nəzərdə tutulur ki, bu da qarşılıqlı ticarətin daha da asanlaşdırılmasına xidmət edir. Sənədin qəbulu iki ölkə arasında ticarət həcminin artırılması, yeni bazarların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır.
Qeyd olunub ki Tranzit Ticarət Sazişi iki ölkənin beynəlxalq ticarət əlaqələrini gücləndirmək və malların tranzitini asanlaşdırmaq üçün imzalanan strateji sənəddir. Sazişə əsasən, Pakistan Azərbaycan üzərindən Avropa və Mərkəzi Asiya bazarlarına daha sürətli və səmərəli çıxış imkanı qazanır, digər tərəfdən, Azərbaycan Pakistanın ticarət yollarından istifadə edərək Cənubi Asiya və Çin bazarlarına çıxışı asanlaşdırır.
Nəzərə çatdırılıb ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi” iki ölkə arasında hava nəqliyyatı əlaqələrini genişləndirmək və müntəzəm uçuşların həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Bildirilib ki, Saziş Azərbaycan və Pakistan arasında birbaşa hava uçuşlarının həyata keçirilməsini təmin edir. Bu uçuşlar ticarət, biznes və turizm sahələrində əlaqələrin gücləndirilməsi məqsədilə təşkil olunur. Hava əlaqələri iki ölkə arasında mədəni, turistik və işgüzar əlaqələrin inkişafına töhfə verir. Hava əlaqələrinin inkişafı həmçinin yük daşımalarını da əhatə edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə təqdim olunan hər üç Sazişə bu komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişin təsdiq edilməsi haqqında Qanun Azərbaycan Respublikasının Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) üzv olmasını rəsmiləşdirən sənəddir. Bu Qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikası EBRD-nin imkanlarından faydalanaraq ölkədə özəl sektorun inkişafını və iqtisadi islahatların həyata keçirilməsini dəstəkləmək üçün bankın maliyyə resurslarına və texniki yardımına çıxış imkanı əldə edir.
Diqqətə çatdırılıb ki, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişiklikləri əhatə edir. Bura bankın fəaliyyət coğrafiyasını genişləndirmək və kapital idarəetmə mexanizmlərini daha çevik etmək məqsədilə əlavə olunmuş yeni redaksiyada verilən müddəalar aiddir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini açıqlayaraq, onun milli maraqlarımıza uyğun olduğunu deyib və komitənin müsbət rəy verdiyini qeyd edib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını və bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, heyvan, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə məsuliyyət tədbiri (cərimə) tətbiq edilməklə yanaşı, eyni zamanda, həmin hallara görə təbiətə dəymiş ziyan da müəyyən edilərək ödənilir. Bu məqsədlə adıçəkilən qanunlarda istifadə olunan bir sıra termin və ifadələrin dəqiqləşdirilməsi həyata keçirilir.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətə barədə məlumat verib.
Nəzərə çatdırılıb ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 5 dekabr 2023-cü il tarixli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklə avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin əldə edilən gəlirin məbləğindən asılı olmayaraq vergi öhdəliyinin sadələşdirilmiş qaydada yerinə yetirməsi ləğv edilmişdir. Artıq 1 yanvar 2024-cü il tarixindən etibarən "Fərqlənmə nişanı" yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən verginin ödənilməsini təsdiq edən sənəd hesab edilmir. Həmçinin, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara edilmiş dəyişiklikdən sonra yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün "Fərqlənmə nişanı" sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılmışdır.
Bildirilib ki, qeyd olunanlarla əlaqədar təqdim edilmiş layihədə uyğunlaşma çərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 58.2-ci maddəsindən "Fərqlənmə nişanı"nın alınmamasına görə maliyyə sanksiyasının tətbiq edildiyi subyektlərin dairəsindən "yükdaşıma fəaliyyəti" çıxarılır. Məcəllənin 221.4.7-ci maddəsindən yükdaşıma ilə bağlı müddəalar çıxarılır.
Vergi Məcəlləsinə bundan əvvəl istinad olunan dəyişikliyə müvafiq olaraq "Sosial sığorta haqqında" Qanuna uyğunlaşma çərçivəsində dəyişikliklər edilir. Belə ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin sosial sığorta haqqı üzrə yükü olduğu kimi saxlanılmaqla Qanuna yeni 14.5.7-ci maddə əlavə edilir, həmçinin bu şəxslərin digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən məcburi dövlət sosial sığorta haqqı dərəcəsinin fərqləndirilməsi üçün Qanunun 14.5.1-ci maddəsinə istisna verilir və bununla bağlı digər dəqiqləşdirici düzəlişlər edilir. Habelə, "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 8 may 2020-ci il tarixli Qanunun keçid müddəasına əsasən Qanunun müvafiq maddələrinin 2026-cı il yanvarın 1-dək qüvvədə olması təsbit olunur.
"Tibbi sığorta haqqında" Qanunun qüvvədə olan 15-11.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödənilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə müvafiq olaraq uyğunlaşma çərçivəsində Qanunun 15-11.4-cü maddəsindən hər iki halda "və yük" sözləri çıxarılır. Bununla da, ölkə ərazisində fərdi qaydada avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər digər sahibkarlıq subyektləri kimi icbari tibbi sığorta haqlarını hər ay üçün hesablayıb, bəyannamə təqdim etməklə ödəyəcəklər.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı layihə barədə bu komitələrin müsbət rəy verdiyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəddə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin (hazırda bu müddət 2025-ci il yanvarın 1-dək olan dövrü əhatə edir) uzadılması nəzərdə tutulur. Bununla da qeyd edilən enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarin 1-dən etibarən daha iki il qüvvədə olacaqdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra spiker Sahibə Qafarova gündəliyin iyirminci məsələsi olan “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini müzakirəyə təqdim edib. Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə sədri qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar layihədə “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarda, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri və Daxili xidmət nizamnamələrində uyğunlaşdırma xarakterli dəyişikliklərdə əsasən mətn boyu “ərzaq” ifadəsinin, “qida məhsulu” ifadəsi ilə əvəzlənməsi təklif olunub. Bildirilib ki, layihə insanların, konkret halda hərbiçilərin həyat və sağlamlığının qorunması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması məqsədi daşıyır.
Sənədin müzakirəsində deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Növbəti məsələ olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.
Deputat bildirib ki, 2022-ci ildə qanunvericiliyə dəyişikliklər edilərək əlilliyi olan şəxslərə münasibətdə “kar”, "kor" kimi təhqiramiz səslənən uyğunsuz söz və ifadələr mənfi təsəvvürlər yaratmayan analoqlarla əvəz olunub. Müzakirəyə təqdim olunan layihə də eyni məqsədə xidmət edir. Belə ki, sənəddə "kor", "zəif görən" və “zəif eşidən” kimi terminləri "görmə qabiliyyəti tam məhdud olan", "görmə qabiliyyəti qismən məhdud olan" və “eşitmə qabiliyyəti qismən məhdud olan” terminləri ilə ifadə olunub.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdikləri komitələrin layihə ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar.
Sənədin müzakirəsində komitə sədrləri Hicran Hüseynovanın, Musa Quliyevin, deputatlar Qüdrət Həsənquliyevin, Nigar Məmmədovanın, Hikmət Məmmədovun, Erkin Qədirlinin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti altı məsələsinin birinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu diqqətə çatdıraraq qanun layihəsinin birinci oxunuşunun qaydalarını xatırladıb. Sonra spiker gündəliyin iyirmi ikinci məsələsi olan Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Belə ki, sənədə əsasən müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi daha da asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur, icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir. Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq "Dövlət rüsumu haqqında" Qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədlə bağlı komitəsinin müsbət rəyini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələni - “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
Kamal Cəfərov qeyd edib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi antikorrupsiya qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətində səmərəliliyin artırılmasıdır. Bu məqsədlə iki istiqamətdə dəyişikliklər təklif edilir.
Birinci istiqamət Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilmə meyarlarını, onların fəaliyyəti və səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi prosedurlarını tənzimləyən müddəaları əhatə edir.
İkinci istiqamət Komissiyanın funksionallığını artırılmasına yönəlib. Hal-hazırda dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə tədbirləri vahid çərçivə sənədləri əsasında həyata keçirilir və bu model indiyədək uğurla tətbiq edilib. Lakin təcrübə göstərir ki, müxtəlif dövlət qurumlarındakı korrupsiya riskləri fərqli olur. Buna əsaslanaraq təklif edilir ki, Komissiya hər bir dövlət qurumunda aparılmış korrupsiya risklərini təhlil etsin və nəticələr əsasında müvafiq tövsiyələr versin.
Deputat qeyd edib ki, bu günə qədər Komissiyanın yanında müxtəlif sahələr üzrə işçi qruplar olub və bu yanaşma Komissiyanın fəaliyyəti kontekstində kifayət qədər səmərəli mexanizm hesab olunur. İndi isə təklif edilir ki, bu cür işçi qrupların yaradılması Əsasnamədə təsbit olunsun.
Vurğulanıb ki, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizənin daha effektiv həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədini daşıyır.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə ilə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırıb.
Sənədin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev və Əminə Ağazadə çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər. Deputat Kamal Cəfərov müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələ olan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri qeyd edib turizmin cəlbediciliyini və səmərəliliyini artırmaq üçün görülən kompleks tədbirlər sırasında turizm və rekreasiya zonalarında insanların istirahətinə və sağlamlığının bərpasına mənfi təsir göstərən antropogen amillərin minimuma endirilməsi və aradan qaldırılması mühüm yer tutur. Layihə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədar hazırlanıb.
Sonra Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitələrinin layihə ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar. Sənədin müzakirəsində deputat Aydın Mirzəzadənin qaldırdığı məsələlərə komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəliyin növbəti məsələsi olan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan sənədin tarixi əhəmiyyətini qeyd edib.
O bildirib ki, sənəd beynəlxalq cinayətlər kateqoriyasına təcavüz, soyqırım, müharibə cinayətləri kimi insanlıq əleyhinə cinayətlərlə yanaşı yeni – ekosid cinayətinin daxil edilməsini nəzərdə tutur. O, BMT-nin COP29 tədbirinin Bakıda keçirilməsi ərəfəsində belə bir addımın atılması ölkəmizin ətraf mühiti bəşəri dəyər kimi qorumasının əyani təzahürü kimi dəyərləndirib.
Nizami Səfərov qeyd edib ki, işğalçı Ermənistan özünün də qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq 30 ilə yaxın bir müddətdə Azərbaycanın ekoloji sisteminə uzunmüddətli və bir çox hallarda bərpaolunmaz ziyan vurmuş, ətraf mühiti planlı şəkildə qəsdən məhv etmişdir. Ermənistan indi də transsərhəd suları davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirməklə ölkəmizə qarşı bu əməllərini davam etdirməkdədir.
Möhtərəm Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın ekoloji sisteminə qarşı ekosid cinayətinin törədilməsi probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək bildirmişdir ki, bu əməl digər beynəlxalq cinayətlərlə yanaşı Ermənistanın dövlət olaraq beynəlxalq məsuliyyətini, ayrı-ayrı şəxslərinin cinayət məsuliyyətini şərtləndirir.
Ekosid cinayətinin kriminallaşdırılması ilə bağlı beynəlxalq təcrübəyə toxunan Nizami Səfərov daxili qanunvericiliyimizə "Ekosid" anlayışının gətirilməsinin vacibliyini diqqətə çatdırıb. Təklif olunan dəyişiklik, "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Layihənin müzakirəsində komitə sədri Hicran Hüseynovanın, deputatlar Qüdrət Həsənquliyevin, Erkin Qədirlinin və Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O diqqətə çatdırıb ki, qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.
Sənədin müzakirəsində komitə sədri Zahid Orucun və deputat Sahib Alıyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, qanun layihə birinci oxunuşda Milli Məclisdə qəbul edilib və bu gün ikinci oxunuşda təqdim olunur.
Bildirilib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. Sənəddə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb. Ümumilikdə, hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub. Belə ki, sənəddə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Digər məsələ - bələdiyyələrə keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsidir. Bununla yanaşı, hesabatların onlayn qaydada təqdim olunması, bələdiyyə qərarlarının onların öz saytında yerləşdirilməsi, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair məsələlər də nəzərdə tutulur. Bildirilib ki, bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri gündəliyin sonuncu – 28-ci məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərar layihəsi olduğunu deyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında bu gün parlamentdə 102 işçi qrupunun rəhbərinin seçiləcəyini söyləyib. Bunun parlamentin beynəlxalq münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsinin göstəricisi olduğunu deyib. O, bu sahədə VI çağırış Milli Məclisin fəaliyyətini təqdirəlayiq hesab edib.
Deputat Aydın Mirzəzadə məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman