Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam bu gün sözün əsl mənasında tikinti meydançasına çevrilib

Ağdam bu gün sözün əsl mənasında tikinti meydançasına çevrilib



“Artıq 5 ildir ki, Ağdam da erməni işğalından azaddır və şəhər özünün yeni dövrə uyğun yeni inkişaf mərhələsini yaşayır. İşğal dövründə daşı-daş üstündə saxlanmayan, vəhşicəsinə, vandalcasına dağıdılan, talan olunan Ağdam bu gün yenilənən, inkişaf edən Ağdamla əvəzlənib”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Ağdamın erməni işğalından azad edilməsinin 5-ci ildönümünə nəzər yetirərkən səsləndirib. Millət vəkili yaxın tarixə nəzərə salaraq bildirib ki, Ağdam 1993-cü il, 23 iyul tarixində Ermənistan tərəfindən işğala məruz qalıb:

“2020-ci ildə 44 günlük müharibədə əldə etdiyimiz tarixi zəfərdən sonra imzalanmış üçtərəfli bəyanat çərçivəsində Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamın azad edilməsi təkcə hərbi üstünlük deyil, həm də siyasi baxımdan uğur idi. Çünki bu addım Cənubi Qafqazda hərbi-siyasi balansın dəyişməsinə, regiondakı nəqliyyat, təhlükəsizlik və diplomatik proseslərə birbaşa təsir göstərdi. Hər şeydən əvvəl, Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində suverenliyin bərpası prosesində mühüm mərhələ oldu. Ağdam strateji mövqeyi və ölçüsünə görə işğal altında olan ən böyük rayonlardan biri idi. Onun geri qaytarılması dövlətçilik legitimliyinin möhkəmlənməsinə, post-müharibə dövründə siyasi konsolidasiya prosesinə, cəmiyyətin psixoloji-siyasi birliyinin güclənməsinə şərait yaratdı”.

Ağdamın Azərbaycana qaytarılmasının hərbi-strateji üstünlüyünə diqqət çəkən millət vəkili diqqətə çatdırıb ki, bununla bir növ ərazidə yeni təhlükəsizlik arxitekturası formalaşmış oldu:

“Çünki Ağdam vasitəsilə həm Əsgəran istiqaməti, həm də Xankəndi ətrafı sahələr nəzarət altına düşürdü. Bununla da potensial risklərə qarşı çevik reaksiya imkanları genişləndi. Ən əsası, Azərbaycan ordusunun operativ manevr imkanları artdı. Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Ağdam Qarabağın mərkəzinə açılan geniş düzənlik olaraq hərbi texnikanın hərəkəti üçün əlverişli relyefə malikdir. Onun azad edilməsi hərbi təchizat və infrastruktur quruculuğunu asanlaşdırdı, kommunikasiyaların bərpası ilə regionda lojistika xəritəsini dəyişdirdi, ordunun yerləşməsi və koordinasiyasında strateji üstünlük yaratdı”.

İlham Məmmədov onu da deyib ki, Ağdamın Azərbaycana qaytarılması nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsinə də imkan yaratdı. Onun sözlərinə görə,
Ağdam ərazisinin nəzarətə alınması yeni nəqliyyat marşrutlarının açılmasına, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inteqrasiyasına imkan yaratdı. Artıq digər işğaldan azad edilmiş şəhər və rayonlarımız kimi Ağdama da yeni həyat gəldiyini deyən millət vəkili, “Bu gün Cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Ağdam yenidən qurulur, abadlaşır, gözəlləşir. Ağdam bu gün sözün əsl mənasında tikinti meydançasına çevrilib. Burada aparılan yenidənqurma işləri keçmiş məcburi köçkünlərin qayıdışına şərait yaradır, sosial-iqtisadi reinteqrasiya prosesini sürətləndirir. Böyük Qayıdış çərçivəsində Ağdama qayıdan keçmiş məcburi köçkünlər bu günlər Cənab Prezidentin müvafiq sərəncamı ilə imzalanmış 20 noyabr Ağdam Şəhər Gününü böyük təntənə və fərəh hissi ilə qeyd edirlər”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş