"Son dövrlər ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik hər iki dövlət üçün arzuolunan deyil. Bunun da səbəbi Birləşmiş Ştatların qərəzli mövqeyi, qeyri-konstruktiv yanaşması və tərəf tutmasıdır".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki. bir qrup konqresmenin oktyabrın 3-də COP 29-u fürsət bilərək Dövlət Departamentinə Azərbaycana qarşı təzyiqlərin artırılmasını da nəzərdə tutan müraciəti haqlı olaraq Bakıda ciddi etirazlar doğurdu:
"Bu etirazlar cəmiyyətdə də ABŞ-a qarşı inamsızlığı və etibarsızlığı daha da dərinləşdirdi. Həmin konqresmenlərin məlum müraciəti ilə tanış olan hər kəs bunun qeyri dost, hətta mən deyərdim ki, düşmənçilik olduğu qənaətinə gələr. Birləşmiş Ştatların qanunvericilləri açıq-aşikar müstəqil bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik edir, onun beynəlxalq hüquqla tanınan hüquqlarını tanımır, böhtan və iftira atır. Bunun qarşılığında Azərbaycan nə etməliydi? Nə etmək lazımdırsa onu da etdi".
Əli Oruclu deyib ki, sanki okeanın o tayında hansısa qüvvələr ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına və nüfuzuna qarşı fəal və sistemli iş aparırlar:
"Birləşmiş Ştatları illər uzunu əlində dəstəvuz etdiyi insan hüquq və azadlıqları kimi fundamental hüquqlar maraqlandırmır, bundan təzyiq aləti kimi istifadə etməklə regionda yeni reallıqlar yaradan Azərbaycanı "cilovlamaq", yürütdüyü müstəqil xarici siyasətin qarşısını almaq məqsədi güdür. Digər tərəfdən ABŞ-ı narahat edən məqamlardan biri də Azərbaycanla Rusiya arasında əməkdaşlığın və münasibətlərin dərinləşdirilməsi, region ölkələri ilə qonşuluq münasibətlərinin qurulmasına üstünlük verməsidir".
Əli Oruclu onu da deyib ki, bu gün Rusiya ilə strateji müttəfiqlik Azərbaycanın milli maraqlarına cavab verirsə, bunun ABŞ-a uzaqdan yaxından heç bir aidiyyatı yoxdur və buna da Vaşinqton anlayışla yanaşmalıdır:
"Hər bir müstəqil dövlət xarici siyasət kursunu, hədəflərini və doktrinasını özü müəyyənləşdirir. Bu seçimə də hörmət olunmalıdır. Azərbaycan ABŞ-la da əlaqələrinin dərinləşdirilməsinə maraqlıdır, buna can atır. Ancaq Birləşmiş Ştstlar Bakının istəklərinə qeyri adekvat cavab verirsə, bu artıq onların problemidir və yanlışı düzəltmək onlara qalır. Təzyiqlə, şantaj və sanksiya hədəsi ilə Cənubi Qafqazda maraqların təmin edilməsi düzgün seçim deyil".
Süleyman