"Gürcüstanda parlament seçkilərinin keçirilməsindən sonra yaranan durum gərgin olsa da, qarşıdurma həddinə keçməyəcəyi fikrindəyəm".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, hakim partiyanın və Prezidentin qarşı mövqelərdə olmasına baxmayaraq gürcü xalqı öz aralarında bu məsələni həll edəcək:
"Məsələ ondadır ki, baş verəcək qarşıdurma gürcü xalqından başqa heç kimə zərbə vurmayacaq. Özünü müfafiə instinkti onları siyasi mübarizədən başqa əlavə yollara əl atmağa imkan verməyəcək. Həm mühafizəkar, yəni hakim partiya, həm də Avrointeqrasiya tərəfdarları, yəni müxalif cəbhə bir-birilərinin məntiqini başa düşür qənaətindəyəm".
Azər Qasımov deyib ki, hər bir tərəf Rusiya ilə yaxınlaşma meyllərinin ürəkdən olmadığını bilir:
"Hakim partiyanın dövründə Avropa İttifaqına üzvlüklə əlaqəli böyük irəliləyişlər olmuşdu. Sadəcə ərazi bütövlüyünün bərpasına olan ümidlər hakim partiyanın Rusiya ilə yaxınlaşmaq meyllərinin olduğunu göstərir. Avrointeqrasiyadan da kimsə imtina etmir. Təbii ki, Rusiya ilə yaxınlaşmaq nələrdənsə imtina edilməsi deməkdir. Amma Rusiyanın gələcəyi qaranlıqdır. Ukrayna müharibəsinin hansı sürprizləri gətirəcəyi bəlli deyil.
Ən azı Rusiya ilə yaxınlaşmaq sayəsində ərazi bütövlüyünü bərpa etmək ehtimalının sınaqdan keçirilməsi mütləqdir. Demokratik cəmiyyət qurmaq həmişə olar. Əsas olan dövlətin ərazi bütövlüyünün bərpasıdır".
Süleyman