Noyabrın 18-də Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev ölkəmizdə səfərdə olan Portuqaliya parlament nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Samir Vəliyev COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündən sonra onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.
Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib, parlamentlərarası əlaqələrin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Portuqaliya Milli Assambleyasının Ətraf mühit və enerji məsələləri komitəsinin sədri Salvador Malheiro səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, Portuqaliyanın Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün parlamentlərin rolundan danışıb.
Söhbətdə Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğu bildirilib, ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyəti vurğulanıb, parlamentlərimiz arasında əməkdaşlığın gələcəyi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Portuqaliya parlamentinin deputatları Ana Santos, Manuela Tender, Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov və Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Martins və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin inzibati binası ilə tanış olan qonaqlar parlamentin plenar iclas zalında olublar, Heydər Əliyev xatirə muzeyini ziyarət ediblər.
Süleyman