Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PKK daxilində fikir ayrılığı olacaq

PKK daxilində fikir ayrılığı olacaq


"PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edərək silahları yerə qoymağa çağırıb. Dünya düzəninin dəyişdiyi indiki vaxtda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli deyib. O deyib ki, bu qərarın PKK lideri tərəfindən təklikdə deyil, siyasi həmfikirləri olan DEM partiyasının rəhbər heyətinin iştirakı ilə verilməsi onun üzərində oyunlar qurulmasını istisna edir:

"Bu o deməkdir ki, PKK-nın bərpası ilə bağlı geriyə qayıdış mümkün deyil. Bundan sonra terror təşkilatı daxilindəki fikir ayrılığı və konfliktlərlə özünü "yeyəcək". Qərara tabe olmaq istəməyənlərin yeri Türkiyənin hüquq-mühafizə orqanlarına terror təşkilatından uzaqlaşanlar tərəfindən nişan veriləcək".

Politoloq deyib ki, qarşıdakı olduqca həssas dönəmdə PKK vasitəsilə Türkiyəyə təzyiqlər göstərilə bilməyəcək:

"Bu da imkan verəcək ki, Türkiyə birmənalı olaraq Orta Asiya, Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Qərbi Avropa, hətta Afrikanın müəyyən hissələrində güc mərkəzi kimi hakim mövqeyə sahiblənsin.

İndi qarşıda PKK-nın ləğvi ilə bağlı yol xəritəsinin ustalıqla həyata keçirilməsi durur. Cəmiyyəti və siyasiləri isə bundan əvvəl bir sual maraqlandırır: PKK-nın ləğvi ilə bağlı qərarın ortaya çıxmasının arxasında nə dayanır?

Burada bir neçə ehtimalı nəzərdən keçirmək olar. Öcalanın uzun müddət həbsdə saxlanılması və bütün təzyiqlərə baxmayaraq azadlığa buraxılmaması və üfiqdə belə şansının olmaması onu bu addımı atmağa məcbur edib: özünüqoruma hissi. Keçmiş PKK-çıların Suriyada siyasi proseslərdə iştirakının tanınmasının vəd edilməsi. Regionda yeni düzəndə kürdlərə əlavə güzəştlərin verilməsi. PKK terrorizminin regionda təsirinin azalmasını qəbul edən Öcalan və DEM-in birgə təşəbbüsü ilə onun ləğvi və yeni siyasi simada reablitasiyası ilə proseslərdə aktiv iştirakının təmin olunması arzusu. PKK-nın arxasında dayanan siyasi güclərin böyük həcmdə Türkiyəyə güzəştə getmək məcburiyyəti onun ləğvi ilə nəticələnib"

Mütəllim Rəhimli hesab edir ki, yaxın günlərdə baş verəcək hadisələr bütün bunlara daha çox aydınlıq gətirəcək.

Anar Əliyev
Xəbəri paylaş