
"Rəqabət mühitinin qorunması və inkişafı dövlətin əsas vəzifələrindən biridir. Zərurət yarandıqda, inhisarçı strukturların parçalanması belə rəqabətin təmin olunması baxımından legitim və vacib addım hesab edilməlidir. Bu yanaşma artıq dünyada praktiki təcrübə kimi tətbiq olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O deyib ki, son nümunə hazırda ABŞ-da yenidən müşahidə olunmaqdadır:
"ABŞ-ın Virciniya ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsi “Google”un onlayn reklam serveri bazarında qəsdən inhisar gücü əldə etdiyi və bu gücü saxladığı qənaətinə gəlib. Hakim Leoni Brinkema 115 səhifəlik qərarında şirkətin rəqabətə qarşı addıımlar atdığını və arzu olunan məhsul xüsusiyyətlərini bazardan çıxararaq üsttün mövqeyini daha da gücləndirdiyini qeyd edir".
İqtisadçının sözlərinə görə, görünən odur ki, yaxın vaxtlarda bu istiqamətdə daha ciddi hüquqi proseslər başlayacaq:
"Gələn həftə Vaşinqtonda keçiriləcək məhkəmədə “Google”un “Chrome” brauzeri və axtarış bazarındakı dominansı ilə bağlı yeni iddialar müzakirə olunacaq.
Bu hadisə bir daha göstərir ki, rəqabətin təmin olunması üçün dövlətlər güclü hüquqi və institusional addımlar atmalıdır. Bu, yeni subyektlərin yaranması, innovasiyanın təşviqi və istehlakçının mənafeyinin qorunması baxımından əvəzsizdir. Həm də bu hadisə "ABŞ niyə güclüdür?" sualının ən sadə cavabıdır".
Anar Əliyev