
"Ədalət prinsipləri əsasında qurulmayan kadr siyasəti istənilən dövlət qurumunun iflasına aparan ən təhlükəli amillərdən biridir. Təəssüf ki, bu gün bir çox hallarda peşəkarlıq, savad və vicdan kənarda qalır, onun əvəzində şəxsi tanışlıq, maliyyə imkanları və yaltaqlıq meyarına uyğun olanlar irəli çəkilir".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, dövlət xidmətində bu cür yanlış seçimlər təkcə fərdlərin yox, bütöv sistemin süqutuna səbəb olur:
"Vəzifəyə təyin edilən şəxsin savadsız, idarəetmə qabiliyyətindən uzaq, lakin “day-daylı” və ya pullu olması, həmin vəzifənin məsuliyyətini deyil, imtiyazını düşünməsi ilə nəticələnir. Belə şəxslər qanunvericilik, vətəndaş məmnuniyyəti və milli maraqları deyil, şəxsi mənfəətini əsas götürür. Onların fəaliyyəti dövlətə xidmət deyil, öz maraqlarına xidmət üzərində qurulur. Ən acınacaqlısı isə odur ki, bu cür şəxsləri vəzifəyə irəli çəkənlər gec-tez həmin səhv seçimlərinin girovuna çevrilirlər. Çünki vicdanını və məsuliyyətini pula dəyişən insan bir gün onun yuxarısında dayananı da eyni şəkildə yarı yolda qoya bilər".
Əli İbrahimov qeyd edib ki, savadlı, təcrübəli və ləyaqətli kadrlar isə sistemdən sıxışdırılır, ya da özlərinə yer tapa bilməyib kənarda qalırlar:
"Bu isə təkcə fərdi ədalətsizlik deyil, dövlət idarəetməsinin səmərəliliyinə vurulan zərbədir. Dövlət xidmətində uğurun təməli düzgün kadr seçimi, şəffaflıq və məsuliyyətli idarəçilikdir. Əks halda, dövlət qurumları nə bu günə cavab verə, nə sabahı qura, nə də cəmiyyətin inamını qoruya bilər. Sistem ancaq vicdanlı və peşəkar insanların əli ilə möhkəmlənə və inkişaf edə bilər. Əgər bu prinsiplər ayaqlar altına atılırsa, həmin xidmətin adı olsa da, mahiyyəti çoxdan itib".
Süleyman