
Təkcə rüşvət alma deyil, həmçinin rüşvət vermə də cinayət sayılır.
Newscenter.az xəbər verir ki, bunu deyən vəkil Vəfa Qədirova bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – rüşvət vermə sayılır.
Vəkil deyib ki, bu cinayəti törətmiş şəxslər 5000 manatdan 8000 min manatadək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
əmlakı müsadirə olunmaqla 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə -8000 min manatdan 12.000 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Vəfa Qədirova qeyd edib ki, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Mehman Mehdiyev