Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şeydə nöqsan axtarmağa çalışanlar

Hər şeydə nöqsan axtarmağa çalışanlar


Cəmiyyət, insanlar qəribədir. Heç nə ilə onu razı salmaq olmur. Elə hey narazıdır, şikayət edir. Yaxşısına da, pisinə də.

30 ilə yaxın torpaqlarımız işğal altında qaldı. Hər dəfə hansısa xarici blogger Şuşadan, Xankəndidən, Laçın, ya Kəlbəcərdən video paylaşanda ürəyimiz sızladı, dağlandı. "Nə vaxtsa o torpaqlara qayıda bilərikmi?" sualı ilə illərimizi ötürdük. Məclislərdə, bayramlarda "İnşallah növbəti ili Şuşada, Xankəndidə, Qarabağda qeyd edək" sağlıqları dedik. Nəhayət, o gün gəldi. Ali Başı Komandan İlham Əliyev və Onun Müzəffər Ordusu ilə 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatları ilə erməni işğalı altında olan ərazilərimizi azad etdik. Ərazi bütövlüyümüz tam bərpa edildi. Artıq 5 ilə yaxındır ki, ermənilər tərəfindən xaraba qoyulmuş, dağıdılmış yurd yerlərimiz yenidən qurulur, inşa edilir. Mərhələ-mərhələ insanlarımız öz ata-baba yurdlarına qayıdır. Qarabağda yeni həyat başlayır, yurd yerlərimiz canlanır. Ancaq yenə də cəmiyyətin müəyyən təbəqəsi narazıdır. Nəyə? Qarabağda quruculuq-abadlıq işlərinin aparılmasına. Nəymiş? Büdcədən Qarabağın bərpasına çox vəsait sərf edilirmiş. Olsun, lap 10 qat artıq ayrılsın. Axı özümüz istəyirdik Qarabağın azadlığlını. İndi nə oldu? Məgər indi Qarabağ bizim deyil? Məgər bu gözəl diyarımızın yenidən qurulması. abadlaşdırılması pisdirmi? Burnumuzun ucu göynəyirdi Qarabağın işğal altında olan bir kəndi, qəsəbəsi üçün. Hələ mən Şuşasını, Laçınını, Kəlbəcərini və s. demirəm. Bir sözlə cəmiyyətin narazılığı, etirazı bitməz-tükənməzdir.

Cəmiyyətin haqsız narazılığı tək Qarabağla bitmir. Hər mövzuda, hər məsələdə cərəyan edən prosesləri, görülən işləri süngü ilə qarşılamaq kimi acı təcrübə ilə qarşı-qarşıyayıq. Yaşı keçmiş, fiziki gücü qalmayan, idarəçiliyə töhfə verə bilməyən yüksək rütbəli məmurların, elə deputatların gəncləşməsini istəyirik. Hər zaman cəmiyyətin sosial sifarişini nəzərə alan dövlət baba bu sahədə də islahatlara imza atır, idarəetmə və qanunvericiliyə gənc kadrların cəlb edilməsini uyğun bilir. Son illərdə neçə nazirlik və komitələrə gənc və perspektivli kadrlar təyin edilib. Hamısı da işini yüksək peşəkarlıqla icra edir. Elə Milli Məclisin özünə son parlament seçkilərində neçə-neçə gənc deputatlar seçilib. Ancaq cəmiyyət yenə də narazı görünür. Hətta hansısa deputatın seçicisi olmayan vətəndaşımız belə o deputatın fəaliyyətini təftiş edir, seçicilər üçün hansı işlər gördüyünün fərqinə varmadan, anlamadan onu baltalamağa çalışır. Əcəba, sizlərin dərdi, istəyi nədir? Bəlkə əlinizdəki baltanı yerə qoyasınız.


Süleyman İsmayılbəyli
Xəbəri paylaş