
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı humanizm, eləcə də insan hüquq və azadlıqlarının qorunmasına yönəlik siyasətin təzahürüdür. Dövlət başçısı son sərəncamı ilə Respublika Günü ərəfəsində yüzlərlə ailəyə ikiqat sevinc bəxş etdi, insanlarda yaşamaq, sabaha inam hissini yaratdı”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, dövlət başçısının sözügedən sərəncamı həm də zaman-zaman Azərbaycanı insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verənlərə tutarlı cavab idi:
“Biz Avropanın ayrı-ayrı siyasi təsisatları, ölkələrinin bir çox hallarda ölkəmizi hədəf alan açıqlamalarına rast gəlirik. Cənab Prezidentin ötən gün imzaladığı əfv sərəncamı isə bir daha sübut etdi ki, Azərbaycan dövləti, şəxsən dövlət başçısı üçün insan hüquq və azadlıqları nə dərəcədə önəmlidir. Hesab edirəm ki, həmin antiAzərbaycan dairələr dövlət başçısının bu humanist və mərhəmətli addımından nəticə çıxarmalıdırlar”.
Azərbaycanda indiyə qədər 71 əfv sərəncamı və fərmanı, eləcə də 12 amnistiya aktının qəbul edildiyini diqqətə çatdıran Arzuman Muradlı. Həmin sərəncamların 38-nin məhz Cənab İlham Əliyev tərəfindən imzalandığını vurğulayıb:
“Hesab edirəm ki, dövlət başçısının imzaladığı sərəncam əsasında azadlığa çıxan şəxslər Cənab Prezidentin humanist addımını düzgün dəyərləndirəcək, cəmiyyətə inteqrasiya olunaraq bundan sonra daha faydalı işlə məşğul olacaqlar”.
Qeyd edək ki, dövlət başçısı mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam 220 şəxsə şamil olunub.
Süleyman