Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qürur dastanımız, Qələbə Zəfərimiz

Qürur dastanımız, Qələbə Zəfərimiz


Prezident İlham Əliyev: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq”

Cənubi Qafqaz regionunda onilliklər boyunca davam edən silahlı münaqişələrin başlıca səbəblərindən biri Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı və təxribat xarakterli siyasətidir. 1988-ci ildə Dağlıq Qarabağda separatizmin alovlanmasından başlayaraq, 2020-ci ilin Vətən müharibəsinə qədər davam edən bu proses Azərbaycan torpaqlarının 20%-nin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və bölgədə humanitar fəlakətlə nəticələnmişdir. 1994-cü ildə Bişkek protokolu ilə atəşkəs razılaşması imzalansa da, Ermənistan bu razılaşmaya sadiq qalmadı. Sonrakı illərdə cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqelərinə və sərhədyanı kəndlərdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq atəş açılması halları qeydə alınırdı. Azərbaycanın Tovuz, Ağdam, Füzuli, Tərtər və digər sərhədyanı rayonlarında yaşayan əhali erməni silahlı qüvvələrinin açdığı atəş səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə qarşılaşırdı. Məktəblər dağıdılır, kənd təsərrüfatı işləri mümkün olmur, insanlar evlərində belə rahat yaşaya bilmirdilər.

Məsələn, Tərtər rayonu 2016 və 2020-ci illərdə Ermənistan ordusu tərəfindən məqsədli şəkildə artilleriya atəşinə tutulmuş, nəticədə onlarla mülki şəxs həlak olmuş, yüzlərlə ev dağıdılmışdır. Bu təxribatlar Ermənistanın yalnız hərbi deyil, həm də psixoloji müharibə taktikasını seçdiyini göstərirdi. 30 il ərzində Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi təxribatlar və işğalçı siyasət Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına ən böyük maneə olmuşdur. Dinc əhalinin hədəf alınması, atəşkəsin pozulması, təxribat-diversiya qruplarının göndərilməsi və sərhədyanı ərazilərdə sabitliyin pozulması Ermənistanın destruktiv niyyətlərini açıq şəkildə nümayiş etdirirdi. 2016-cı ilin aprel ayında Ermənistanın təmas xəttində törətdiyi növbəti genişmiqyaslı təxribat nəticəsində dörd günlük müharibə baş verdi. Azərbaycan Ordusu əks-hücumla bir sıra strateji mövqeləri azad etdi.

2020-ci ilin iyul ayında isə Ermənistan bu dəfə Dağlıq Qarabağdan uzaqda – Tovuz istiqamətində təxribat törətdi. Bu, münaqişənin coğrafiyasını genişləndirməyə və regionda daha böyük bir qarşıdurma yaratmağa hesablanmışdı. 2020-ci il 27 sentyabrda Ermənistan ordu tərəfindən növbəti təcavüz aktı olmuşdur. Baş verən bu təcavüz aktına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal əks-hücum əmri verdi. Bu əməliyyat təkcə hərbi yox, həm də hüquqi və siyasi baxımdan tam əsaslandırılmış bir müdafiə tədbiri idi. Azərbaycanın bu addımı BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində həyata keçirilmişdir. Hədəf – işğal altında olan torpaqların azad edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi.

Azərbaycan xalqı tarixən sülhsevərliyi, tolerantlığı və qonşuları ilə mehriban münasibətlərə sadiqliyi ilə tanınıb. Lakin bu xoşməramlı münasibətlərə baxmayaraq, Ermənistanın illərlə davam edən işğalçı siyasəti, təxribatları və beynəlxalq hüququ açıq şəkildə pozması regionda sabitliyi ciddi şəkildə pozmuş, nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın səbir kasasını daşırmışdır. Məhz həmin gün Ermənistanın növbəti genişmiqyaslı hərbi təcavüzü nəticəsində II Qarabağ Müharibəsi – 44 günlük Vətən Müharibəsi başlanmış və bu müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatmışdır.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu. Ermənistan kapitulyasiya aktına imza ataraq, Azərbaycanın qələbəsini tanımağa məcbur oldu. Bəyanata əsasən, Kəlbəcər, Laçın və Ağdam rayonları döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq bərpa edildi. Bu mübarizədə canını fəda edən şəhidlərimiz və sağlamlığını itirən, lakin ruhən uca olan qazilərimiz bizim əbədi qürur mənbəyimizdir. Onların hər biri tarix yazdı, adlarını Azərbaycan xalqının qəlbinə və dövlətimizin şanlı salnaməsinə həkk etdilər.

Şəhidlərimizin qanı ilə suvarılan torpaqlar bu gün azaddır. Qazilərimizin döyüş meydanında göstərdiyi şücaət bu gün qürurumuzdur. Onlar tarixə təkcə igid döyüşçü kimi yox, həm də ədalətin, haqqın və milli mənliyin simvolu kimi düşdülər. Hər bir şəhidin adı bu millətin yaddaşında əbədi yaşayacaq, onların ruhu hər zaman bizimlə olacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir ki, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Vətən müharibəsində əldə olunan zəfərin ən mühüm dayaqlarından biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. 30 illik həsrətə son qoymaq üçün bütün Azərbaycan xalqı bir amal, bir məqsəd, bir niyyət uğrunda səfərbər oldu. Arxa cəbhədə çalışan müəllim, həkim, fəhlə, könüllü gənclər – hər kəs ordumuzun gücünə güc qatdı. Dualar ön cəbhəyə, güvən və dəstək isə igid əsgərlərimizin ruhuna çevrildi. Bayrağımızın üç rəngi daha da ucaldı, milli ruh daha da gücləndi. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşdi və sübut etdi ki, torpaq uğrunda ölən varsa, Vətəndir! Vətən müharibəsi ilə Azərbaycan yalnız torpaqlarını azad etmədi – həm də qalib ölkə statusunu qazandı. Artıq biz bir müzəffər xalq, bir qəhrəman dövlət kimi tarixə düşdük. Bu Qələbə bizə öz gücümüzə inam, sarsılmaz ruh, və ən əsası – daha güclü gələcək inşası üçün möhkəm təməl verdi.

27 Sentyabr 2020-ci il – Ermənistanın növbəti hərbi təxribatı ilə başlayan II Qarabağ Müharibəsi, Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Səbir kasası daşan Azərbaycan, öz tarixi torpaqlarını hərbi və diplomatik yollarla azad edərək, beynəlxalq hüququn təntənəsini təmin etdi. Anım Günü isə bu möhtəşəm zəfərin və bu yolda canından keçən qəhrəmanlarımızın simvoludur. Azərbaycan xalqı öz torpağında daim sülh, sabitlik və ədalət arzulayır. Lakin eyni zamanda bir daha sübut etdi ki, əgər bu prinsiplər təhdid edilərsə, ölkə xalqı və ordusu bu təhdidlərə cavab verməyə tam hazırdır.

Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Xəbəri paylaş