Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Çili parlamentlərarası əməkdaşlığı genişlənir

Azərbaycan-Çili parlamentlərarası əməkdaşlığı genişlənir


Sentyabrın 26-da Milli Məclisin Çili ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti arasında görüş olub.

Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov bildirib ki, dövlətlərimiz arasında digər sahələrlə yanaşı, parlamentlər səviyyəsində münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qeyd olunub ki, bu prosesə görüşlər, eləcə də həyata keçirilən qarşılıqlı səfərlər mühüm töhfə verir.

Azər Badamov Azərbaycan–Çili münasibətlərinin inkişafı üçün böyük imkanların mövcud olduğunu, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin iqtisadi, mədəni və humanitar sahələrdə tərəfdaşlığın dərinləşməsinə də zəmin yaradacağını, xalqlarımız arasında qarşılıqlı anlaşmanı və etimadı daha da artıracağını bildirib .

Öz növbəsində qonaq, Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Senator dövlətlərimiz arasında əməkdaşlıq imkanlarına toxunaraq vurğulayıb ki, Azərbaycan və Çili arasında mina təmizlənməsi sahəsində təcrübə mübadiləsi aparılması və idman sahəsində birgə layihələrin reallaşdırılması əməkdaşlığı daha da gücləndirə bilər.O, həmçinin mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin genişlənməsinin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcəyini qeyd edib.

Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares, Azərbaycan–Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Fətəliyeva çıxış edərək dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin, həmçinin idman və humanitar sahələrdə ortaq layihələrin reallaşdırılmasının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.

Süleyman
Xəbəri paylaş