
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı, eləcə də sessiya çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, iclasda geniş və əhatəli, dünyamızı narahat edən proseslərdən bəhs etməsi təkcə ölkəmizdə, region dövlətlərində deyil, eləcə də beynəlxalq aləmdə maraqla, diqqətlə qarşılandı. Təsadüfi deyil ki, xarici KİV-lər də Azərbaycan liderinin sessiyada çıxışı zamanı tezis xarakteri daşıyan fikirlərə xüsusi diqqət ayırıblar".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, dövlət başçısı sessiyada çıxışı zamanı dünyanı sülhə səsləyərək dinc, yanaşı yaşamanın, qarşılıqlı anlaşma və sabitliyin başlıca şərt olduğunu vurğulayıb:
"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80‑ci sessiyasında çıxışında bir neçə mühüm məqam üzərində dayanıb. Əsas çağırış və mesajlar dediyim kimi sülh, sabitlik üzərində qurulmuşdu. Dövlət başçısı haqlı olaraq bildirdi ki, sülhün təmin olunması əməli addımlarla olmalıdır. Sülh təkcə sözlərlə deyil, əməli addımlarla təmin edilməlidir".
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı Azərbaycanın hər zaman sülh, sabitlik tərəfdarı olduğunu bir daha dünyanın bir nömrəli kürsüsündən beynəlxalq aləmə çatdırıb:
"Bunun ən bariz nümunəsi ölkəmizin 30 ilə yaxın müddətdə artıq həllini tapmış Dağlıq Qarabağ probleminin diplomatik, danışıqlar yolu ilə həllinə tərəfdar olması, bu istiqamətdə səylər göstərməsi olub. Ancaq təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də ona havadarlıq edən xarici güclər, eləcə də problemin həlli missiyasını öz üzərilərinə götürən beynəlxalq təşkilatlar rəsmi Bakının sülh təşəbbüsünə dəstək olmadı, işğala haqq qazandırmağa üstünlük verdilər. Nəticə etibarilə bu günlər 5 ilini qeyd etdiyimiz İkinci Qarabağ müharibəsi başladı və tarixi zəfırimizi əldə etdik. Əgər xarici güclər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış etməsə, proseslərə ədalətli yanaşsaydı nə müharibə baş verər, nə də insan tələfatı olardı. Təəssüflər olsun ki, günümüzdə də ikili standartlar qalmaqdadır və Cənab İlham Əliyevin BMT sessiyasında diqqət etdiyi digər önəmli məsələ məhz bununla bağlı idi. Azərbaycan lideri haqlı olaraq çağırış etdi ki, “Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı … bir dünya quraq". İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyini, dövlətlərin daxili işlərinə müdaxilədən çəkinməyin və qarşılıqlı hörmətin əsas şərtlər olduğunu da qeyd edib".
Millət vəkili qeyd edib ki, dövlət başçısı çıxışında Azərbaycanın Vətən müharibəsindən sonra sülhə yönəlmiş addımlarını, Ermənistanla danışıqlar prosesində irəli sürdüyü təşəbbüsləri və bölgədə əlaqələrin qurulmasını ön plana çəkib:
"Ümumiyyətlə, Azərbaycan Prezidentinin çıxışının əsas məğzi sülh və sabitlik üzərində qurulmuşdu. Bu, BMT tarixində bir ilk də sayıla bilər ki, müharibədə qalib olan bir lider dünyaya sülh çağırışı edirdi. Düzdür, Azərbaycan lideri BMT-nin əvvəlki illərdə keçirilən sessiyalarında da eyni tezis üzərindən çıxış edir, beynəlxalq aləmi Ermənistanın işğalçılıq siyasətini dayandırmağa çağırırdı. Bu dəfəki çıxış isə tamamilə fərqli, qalib ölkə liderinin dünyanı sülhə səslənişi idi".
Süleyman