
2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə, müasir Azərbaycan tarixində strateji əhəmiyyət daşıyan hadisələrdən biri kimi qiymətləndirilə bilər. Bu mühüm tədbir təkcə rəqəmsallaşma mövzusunda texniki müzakirə deyil, ölkənin gələcək iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən strateji görüş oldu. Müşavirə Azərbaycanın inkişaf modelində yeni mərhələnin başlanğıcını simvolizə etdi. Bu mərhələnin əsas hədəfi iqtisadiyyatın biliklərə, süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan müasir sistemə çevrilməsidir. “Yeni rəqəmsal arxitektura” konsepsiyası dövlətin bütün sahələrində səmərəliliyin artırılmasını, qərarların qəbulunda analitik və texnoloji yanaşmanın tətbiqini, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Beləliklə, müşavirə Azərbaycanın texnoloji və institusional modernləşməsinə yönəlmiş genişmiqyaslı bir proqramın başlanğıcı oldu.
Toplantı ölkənin son illərdə qazandığı iqtisadi sabitlik və beynəlxalq etimad fonunda keçirildi. Bu, Azərbaycanın resurslardan asılı olmayan, innovasiyalara əsaslanan yeni iqtisadi mərhələyə keçidini ifadə edir.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı fəaliyyət planı bu keçidin həm ideoloji, həm də praktiki təməlini təşkil edir. Layihə çərçivəsində idarəetmə sistemlərinin optimallaşdırılması, informasiya platformalarının vahid rəqəmsal məkanda birləşdirilməsi və qərar qəbuletmədə şəffaflığın artırılması nəzərdə tutulur. Bu istiqamətdə aparılan islahatlar dövlət orqanları arasında koordinasiyanı gücləndirəcək, rəqəmsal xidmətlərin sürətini və əlçatanlığını artıracaq.
Bu müşavirə bir daha göstərdi ki, həyata keçirilən siyasət yalnız bu günün deyil, gələcəyin çağırışlarına da cavab verir. Yeni dövrün əsas meyarı artıq iqtisadi göstəricilər deyil, texnoloji güc, informasiya təhlükəsizliyi və süni intellektin tətbiq səviyyəsidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu regionda innovativ mərkəzə çevirməkdədir.
Dünya miqyasında gedən rəqəmsal transformasiya prosesləri qlobal iqtisadiyyatın mahiyyətini dəyişməkdədir. Müasir dövrdə dövlətlər artıq neft və qaz kimi xammal resursları ilə deyil, bilik, informasiya və texnologiya üstünlüyü ilə rəqabət aparırlar. Süni intellekt, böyük verilənlər və data mərkəzlərinə yönəldilən nəhəng investisiyalar sübut edir ki, gələcəyin iqtisadiyyatı rəqəmsal bazis üzərində qurulur. Rəqəmsallaşma təkcə texnoloji yenilənmə deyil, həm də sosial rifahın, səmərəli idarəetmənin və dövlətin beynəlxalq mövqeyinin möhkəmlənməsinin əsas vasitəsidir.
Azərbaycan bu prosesin fəal iştirakçısına çevrilərək, rəqəmsal inkişafı milli strategiyanın ayrılmaz hissəsinə çevirib.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, rəqəmsal transformasiya yalnız iqtisadi mənfəət deyil, həm də siyasi və sosial sabitliyin təminatçısıdır. Qloballaşmış dünyada dövlətlərin davamlı inkişafı onların rəqəmsal idarəetmə qabiliyyətindən, yəni qərarların sürət və dəqiqliyindən, məlumat təhlükəsizliyinin səviyyəsindən, elektron xidmətlərin əlçatanlığından asılıdır. Bu baxımdan, rəqəmsallaşma sadəcə kompüter texnologiyalarının tətbiqi prosesi kimi deyil, bütövlükdə dövlətin idarəçilik fəlsəfəsinin yenilənməsi kimi dəyərləndirilməlidir. Prezidentin fikrincə, artıq XXI əsrin əsas kapitalı informasiya və bilikdir; kim bu kapitalı düzgün idarə edə bilirsə, həmin ölkə iqtisadi müstəqilliyini və siyasi nüfuzunu qoruyur.
Bu mənada, Azərbaycan da rəqəmsal transformasiyanı öz inkişaf modelinin strateji prioriteti kimi müəyyənləşdirib. Prezident İlham Əliyev bildirdi ki, dövlətin apardığı iqtisadi islahatların, innovasiya təşəbbüslərinin və insan kapitalına yönəlik siyasətin əsasında məhz bu fəlsəfə dayanır. Rəqəmsallaşma həm dövlət orqanlarının fəaliyyətinin şəffaflığını artırır, həm sahibkarlıq mühitini sadələşdirir, həm də vətəndaşlara daha çevik və rahat xidmət göstərmək imkanı yaradır. Azərbaycan artıq bu istiqamətdə mühüm təcrübə qazanıb “ASAN xidmət”, “Elektron hökumət”, “Rəqəmsal ticarət platforması” kimi layihələr ölkəmizin texnoloji mühitini regionda ən qabaqcıl səviyyəyə çıxarıb. Bu proses sadəcə iqtisadi yenilənmə deyil, həm də dövlət idarəçiliyində yeni bir mədəniyyətin formalaşmasıdır.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər onu da göstərdi ki, rəqəmsallaşma Azərbaycanın gələcək siyasətində milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın və beynəlxalq mövqelərin möhkəmləndirilməsinin ən vacib alətlərindən biri kimi qəbul olunur. Dövlət başçısı vurğuladı ki, rəqəmsal inkişaf yalnız texnologiya deyil bu, bir milli ideyadır, Azərbaycanı yeni dövrün tələblərinə uyğun, müasir və çevik dövlətə çevirən intellektual transformasiyadır.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı












































