
Tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı həyata keçirdiyi deportasiya və soyqırımı cinayətləri öz miqyası və əhatə dairəsinə görə bəşəriyyətin ən qanlı hadisələri olsa da, müxtəlif səbəblər və tarixi saxtalaşdırma cəhdləri nəticəsində bu olaylar unutdurulmağa çalışılmış, yaxud tarixdən silinməyə yönəlik siyasət həyata keçirilmişdir.
1918-ci ilin mart ayında azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı da məhz bu cinayətlərdən biridir. XX əsrin ən böyük faciələrindən və cinayətlərindən biri olan 31 mart Azərbaycanlıların Soyqırımını həyata keçirməkdə bir neçə məqsəd var idi. İlk növbədə qarşıya qoyulan məqsəd azərbaycanlıları bir xalq kimi məhv etməkdən ibarət idi.
Tarixin müxtəlif dövrlərində ermənilərə bu məqsədlərini həyata keçirmək üçün dəstək verən Çar imperiyası, həmin dövrdə isə bolşeviklər Mart qırğınları zamanı da erməni daşnakların yanında yer alırdılar. Bolşevik-erməni birləşmələrinin mart qırğınlarını həyata keçirməkdə ikinci məqsədi isə ümumilikdə Azərbaycanı ələ keçirmək və ona nəzarət etmək idi. Xüsusilə də başlıca hədəf Bakı idi. Çünki Bakı o zaman dünyanın əsas neft mərkəzlərindən biri kimi tanınırdı və onu ələ keçirmək ermənilər üçün həm siyasi, həm də iqtisadi dividendlər əldə etmək demək idi.
Düzdür, həmin dövrdə Bakı şəhərində hakimiyyət Bakı Sovetinin nəzarəti altında olsa da, ermənilərin əsas hədəfi Bakıya nəzarəti tamamilə ələ almaq idi. Çünki Bakı Soveti əsasən bolşeviklərdən və erməni silahlı dəstələrindən ibarət idi.
Beləliklə, ermənilər öz məkirli planlarına nail olmaq üçün 1918-ci ilin mart ayında mülki əhaliyə qarşı genişmiqyaslı qırğınlara başladılar. Hadisələr sistemli şəkildə həyata keçirilir və əsasən azərbaycanlılar hədəf seçilirdi. Bu qanlı toqquşmalar zamanı on minlərlə insanın qətlə yetirilməsi, həmçinin qətliamın geniş coğrafiyanı əhatə etməsi Mart hadisələrini azərbaycanlılara qarşı soyqırımı kimi xarakterizə etməyə əsas verir.
Belə ki, soyqırımı yalnız Bakıda baş verməmişdi. Qısa zaman ərzində ölkənin müxtəlif bölgələrində də oxşar hadisələr törədildi. Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə azərbaycanlılar soyqırımına məruz qaldılar. Bu hadisələr nəticəsində on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, yüzlərlə kənd və yaşayış məntəqəsi yerlə-yeksan olundu, tarixi-mədəni abidələr yandırıldı. Bu qanlı olaylar nəticəsində Azərbaycan xalqına həm demoqrafik, həm də mədəni baxımdan ağır zərbə vuruldu.
Qeyd etdiyimiz kimi, müxtəlif səbəblər və tarixi zərurət ucbatından uzun illər bu hadisələrə obyektiv hüquqi-siyasi qiymət verilmədi, hətta onları xalqın yaddaşından silməyə çalışdılar. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələyə dövlət səviyyəsində qiymət verildi.
Hər bir məsələdə olduğu kimi, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının da dünyaya çatdırılması və ona hüquqi-siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Beləliklə, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Bu qərar hadisələrə siyasi-hüquqi qiymət verilməsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addım idi.
Həm Ulu Öndər Heydər Əliyev, həm də onun siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev təkcə hər hansı fərmanın imzalanması ilə kifayətlənmədilər, paralel olaraq bu qanlı faciənin xalqın yaddaşında həkk olunması və onun beynəlxalq səviyyədə tanıdılması istiqamətində məqsədyönlü siyasət həyata keçirərək mühüm addımlar atdılar. Bu mənada Azərbaycanda hər il 31 mart tarixinin soyqırımı qurbanlarının anım günü kimi qeyd olunması, bununla əlaqədar elmi konfransların və tədbirlərin keçirilməsi, xüsusilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması xüsusi qeyd edilməlidir.
Bütün bunlar sözügedən faciənin izlərinin qorunub saxlanılması, onun xalqın, xüsusilə də gənclərin yaddaşında yaşadılması baxımından mühüm addımlardır.
Bu baxımdan hesab edirəm ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bizim üçün təkcə keçmişin acı xatirəsi deyil, həm də tarixi yaddaşın qorunması və onun gələcək nəsillərə çatdırılması baxımından mühüm bir gündür.
İlham Məmmədov,
Milli Məclisin deputatı











































