Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu təhsilə gedən yol insan zəkası ilə süni zəkanın qarşılıqlı əməkdaşlığından keçir

Uğurlu təhsilə gedən yol insan zəkası ilə süni zəkanın qarşılıqlı  əməkdaşlığından keçir



Müasir dövr texnologiya dövrüdür və süni zəka bu dövrün ən böyük texnoloji inqilabıdır. Artıq bütün sahələrdə olduğu kimi, təhsil sisteminə də öz təsirini göstərir. Belə ki, bu texnologiya istər müəllimlər, istərsə də şagirdlər üçün böyük imkanlar yaradır. Buna baxmayaraq, ondan səmərəli istifadə edilmədikdə bəzi xoşagəlməz hallarla rastlaşa bilərik; yəni süni intellektin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də vardır.
Süni zəkanın təhsildə rolunun üstünlükləri olaraq aşağıdakıları qeyd etmək olar:

- Süni intellekt alətləri təhsildə əlçatanlığı və fərdləşdirilmiş təlimi təmin edir. Məlumdur ki, hər bir fərdin informasiyanı qavrama sürəti və forması müxtəlifdir. Məhz süni zəka alqoritmləri fərdin potensialına uyğun materiallar və tapşırıqlar tövsiyə edir. Xüsusi qayğıya ehtiyacı olan təhsilalanlar üçün təlim vasitələri, məsələn, görmə qabiliyyəti məhdud olan təhsilalanlar üçün audio məzmun və ya disleksiyası olanlar üçün xüsusi oxu vasitələri təqdim edir. Həmçinin şagirdlər sualları olduğu təqdirdə, istənilən zaman çatbotlar vasitəsilə cavab tapa bilirlər. Bu isə şagirdlərin öyrənmə prosesinin davamlılığını təmin edir.

- Süni zəka alətlərindən istifadə edərək inzibati işlərin rəqəmsallaşdırılması müsbət tərəflərdən biridir. Məlumdur ki, müəllimlər tədris prosesində davamiyyəti yoxlayır, eləcə də qiymətləndirmə vasitələrini yoxlayırlar. Bu isə onların vaxtlarının böyük hissəsini alır və müəllimlərin işlərinə yaradıcı yanaşmalarına vaxt qalmır. Lakin texniki işlərin rəqəmsallaşdırılması müəllimin vaxt itkisinin qarşısını alır. Bu da onlara daha kreativ olmaları üçün vaxt qazandırır.
Texnologiyanın sürətli inkişafı müsbət hal olaraq dəyərləndirilir. Lakin ondan məqsədəmüvafiq istifadə edilmədikdə bir çox risklərlə qarşılaşılır. Belə ki, süni zəkanın müsbət təsirləri ilə yanaşı, onun mənfi təsirləri və risklər də var. Süni zəkanın mənfi təsirləri və yarana biləcək risklərdən bir neçəsini qeyd edə bilərik:

- Müəllimlərin verdikləri tapşırıqları şagirdlərin süni zəkadan istifadə edərək həll etmələri onlarda istər tənqidi, istərsə də yaradıcı təfəkkürün inkişafının geriləməsinə səbəb olur, həmçinin akademik dürüstlüyə mane olur.
- Süni zəkadan fasiləsiz və məqsədəuyğen istifadə edilməməsi şagirdlərdə emosional intellektin və ünsiyyət bacarıqlarının inkişaf etməməsinə səbəb olur. Bu da onların sosiallaşmasına maneə yaradır.
- Risklərdən biri də məlumat məxfiliyinin təminatıdır. Belə ki, platformalarda təhsilalanlar haqqında toplanan məlumatlardan necə istifadə olunacağı sual yaradır. Onların şəxsi məlumatlarının qorunması mütləqdir, ona görə də təhsil platfirmalarından istifadə zamanı riski nəzərə almaq lazımdır.

Beləliklə, Süni zəka heç bir zaman müəllimi əvəz edə bilməz. Lakin müəllimin işininin səmərəliliyini artıran köməkçi vasitə ola bilər. Yəni, süni zəka müəllimin pedaqoji prosesdə gündəlik etməli olduğu texniki işlərin avtomatlaşdırılmasını təmin edir. Artıq müasir tələblərə cavab verən müəllim yalnız bilik ötürən deyil, həmçinin o, həm fasilitator, həm mentor, həm də tənqidi düşüncəni formalaşdıran bir pedaqoq olmalıdır.
Nəticə olaraq deyə bilərik ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi, süni intellektdən təhsildə də istifadə olunması qaçılmazdır. Əsas məqsəd bu texnologiyadan səmərəli istifadə edərək təhsilin keyfiyyətinin artırılmasına nail olmaqdır. Yəni, insan zəkası ilə süni zəkanın qarşılıqlı əməkdaşlığı uğurlu təhsilə gedən yoldur.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş